ABŞ prezidenti Donald Tramp 60 ölkəyə yeni tariflərin tətbiqi ilə bağlı qərarı ciddi etirazlara səbəb olub. Yaponiya və Avstraliya ABŞ-ın "istehsalda məcburi əmək" səbəbi ilə 60 ticarət tərəfdaşını hədəf alan tarif qərarını ədalətsizlik adlandırıb.
Yaponiya Nazirlər Kabinetinin baş katibi Kixara Minoru ABŞ-ın tarif qərarından təəssüfləndiklərini deyib və Yaponiyanın sənaye və ticarət təcrübələrinin "beynəlxalq standartlara uyğun" olduğunu vurğulayıb.
Kixara bu mövzuda Vaşinqton administrasiyası ilə əlaqə saxlayacaqlarını bildirib.
Avstraliyanın ticarət naziri Don Farrell də qərara sərt rekasiye verib: "Avstraliyaya tətbiq edilən bu yüksək tariflər ədalətsizdir və biz onların aradan qaldırılması üçün lobbiçilik etməyə davam edəcəyik".
Mart ayında ABŞ administrasiyası məcburi əməklə istehsal olunan malların idxalını qadağan etməkdə və bu qadağanı effektiv şəkildə tətbiq etməkdə yetərsiz olduqlarına görə 60 ticarət tərəfdaşına qarşı 1974-cü il Ticarət Qanununun 301-ci maddəsi ilə araşdırmalar başlatmışdı. ABŞ Ticarət Nümayəndəsi (USTR) araşdırmalar nəticəsində 60 ticarət tərəfdaşına 10 faiz və ya 12,5 faiz tarif tətbiq ediləcəyini açıqlamışdı.
Qeyd edilib ki, bu vergilər 24 iyul tarixindən etibarən ABŞ-a daxil olan və ya anbardan çıxarılan məhsullara tətbiq olunacaq.
Tahir TAĞIYEV