ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibə Avropa İttifaqına gündə 500 milyon avroya başa gəlir. Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen bunun münaqişənin səbəb olduğu fosil yanacağı qiymətlərinin artmasına görə baş verdiyini deyir.
“Avropa gündəlik təxminən 500 milyon avro itirir, çünki Yaxın Şərqdə davam edən münaqişə fosil yanacağın qiymətini artırır. Münaqişənin cəmi 60 günü ərzində, idxal olunan qazıntı yanacağa çəkilən xərclərimiz 27 milyard avrodan çox artıb, halbuki əlavə heç bir enerji əldə etməmişik” – deyə Lyayen bildirib.
Avrokomissiya prezidenti qeyd edib ki, Avropa İttifaqı idxal olunan fosil yanacağından asılılıqdan uzaqlaşmaq üçün keçidi sürətləndirməli və elektrikləşdirməni inkişaf etdirməlidir: “Yol aydındır. Biz idxal olunan qazıntı yanacaqlarına həddindən artıq asılılığımızı azaltmalı və texnoloji neytrallığa tam əməl etməklə bərpa olunan enerji mənbələrindən nüvə enerjisinə qədər yerli, əlverişli və təmiz enerji istehsalını artırmalıyıq”.
Bununla yanaşı, o bildirib ki, Avropa Komissiyası yaya qədər ittifaq miqyasında “iddialı” hədəfi əhatə edən elektrikləşdirmə fəaliyyət planı təqdim edəcək. “Politico”nun məlumatına əsasən, qeyd olunan planın iyunun 10-na qədər təqdim edilməsi gözlənilir və enerji təhlükəsizliyini gücləndirmək üçün daha geniş strategiya ilə birlikdə təqdim ediləcək.
Tahir TAĞIYEV