ABŞ prezidenti Donald Tramp, “Daily Mail” qəzetinin onunla Kral III Çarlz arasında ailə əlaqəsi olduğunu iddia edən araşdırmasından sonra sosial mediada yumoristik bir paylaşım edib.
Tramp paylaşımında "Vay, bu əladır. Mən həmişə Bukinqem Sarayında yaşamaq istəmişəm. Bir neçə dəqiqədən sonra bunu Kral və Kraliça ilə müzakirə edəcəyəm" deyib.
"Daily Mail" qəzeti Trampın əcdadlarının Şotlandiya kral ailəsinə gedib çıxdığını və buna görə də onun Kral III Çarlzla uzaq bir ailə əlaqəsi ola biləcəyini iddia edib.
Təcrübəli tədqiqatçı Robert Hardmanın paylaşdığı məlumatlara görə, Tramp və Kral III Çarlz təkcə diplomatik müttəfiq deyil, həm də eyni nəsildən olan iki uzaq əmiuşaqlarıdır. Şotlandiya arxivlərinin dərinliyinə qədər araşdırılaraq hazırlanan nəsil şəcərəsinə görə, Trampın kökləri XVI əsrə gedib çıxır.
"Daily Mail" qəzeti üçün aparılan ətraflı araşdırmada hər iki liderin də Şotlandiya kralı II Ceymsin nəvəsi, 3-cü Lennoks qrafı Con Stüartın nəslindən olduğu iddia edilib. Araşdırmaya görə, Kral Çarlzın əcdadı Stüartlar və Vindzor sülaləsi üzərindən davam edərkən, Trampın nəsli Sazerlend qrafları və Makkey klanı vasitəsilə, 1930-cu ildə ABŞ-a mühacirət edən anası Meri Enn Makleodla gedib çıxır.
Tədqiqatın ən diqqət çəkən detallarından biri Trampın nəsil şəcərəsinin onu təkcə Britaniyaya deyil, həm də Norveç, İsveç və Danimarka kral ailələri ilə əlaqələndirməsi olub.
Bu, eyni zamanda ABŞ tarixi iləbağlı maraqlı bir paradoksu da ortaya çıxarır. Prezident Trampın, 1776-cı ildə ABŞ-dan qovulmuş "Zülmkar Kral" III Georqla qohum olduğu iddia edilir.
Tahir TAĞIYEV