Ukrayna Silahlı Qüvvələri Krasnodar bölgəsindəki Tuapse şəhərinə daha bir hücum təşkil edib. Dronlarla Qara dənizdəki ən böyük obyektlərdən biri olan neft emalı zavodunu və limanı hədəf alınıb. Hücumdan sonra zavodda yanğın baş verib, hakimiyyət orqanları yaxınlıqdakı evlərdən sakinlərin təxliyəsinə başlayıb.
Bu hücum aprelin ortalarından bəri şəhərə edilən üçüncü hücumdur. Əvvəlki hücum neft emalı zavoduna ziyan vurub və nəticədə neft məhsullarının Qara dənizə sızması baş verib. Rospotrebnadzor həmin vaxt havada zərərli maddələrin konsentrasiyasının artdığını bildirib. Hadisədən sonra Tuapsenin bəzi ərazilərində və Şepsinski kənd yaşayış məntəqəsində su çatışmazlığı qeydə alınıb. Tuapse meri Sergey Boyko bildirib ki, elektrik kəsintisinə neft emalı zavodunun ərazisindəki su nasos stansiyasının enerji təchizatı sistemindəki nasazlıq səbəb olub.
Bu arada, Rusiya prezidenti Vladimir Putin fövqəladə hallar nazirinə Tuapseyə getməyi tapşırıb. Kremlin sözçüsü Peskov da neft emalı zavodunda baş verən yanğının nəticələrinin aradan qaldırılması üzrə işlərin planlaşdırıldığı kimi davam etdiyini bildirib.
Peskov bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Tuapsedəki neft anbarlarına hücumları qlobal enerji bazarlarında onsuz da gərgin olan vəziyyəti daha da pisləşdirib. Peskov bu hücumların beynəlxalq müqavilələr çərçivəsində ixrac üçün nəzərdə tutulan nefti hədəf aldığını bildirib. O, Ukrayna dronlarının neft emalı zavodlarına bu cür hücumlarının qlobal neft tədarükü kəsirini artırdığını və bu hərəkətlərin dünya enerji bazarlarını daha da qeyri-sabitləşdirməyə yönəlmiş təxribat olduğunu vurğulayıb.
Tahir TAĞIYEV