İran və ABŞ arasında atəşkəs prosesi danışıqlar ətrafındakı qeyri-müəyyənlik fonunda davam edir. Atəşkəsə baxmayaraq, ABŞ-ın Körfəzdəki hərbi hərəkətliliyi potensial müharibəyə qayıdış iddialarını gücləndirib.
Flightradar24 məlumatlarına görə, ABŞ-ın aprelin 27-də Qətər və BƏƏ-dəki hərbi bazalarına ciddi hərəkətlilik müşahidəedilib. Bildirilir ki, Qətərin paytaxtı Doha yaxınlığında yerləşən ABŞ-ın Əl-Udeyd bazasına C-130 hərbi nəqliyyat təyyarələri enib.
Dohanın cənub-qərbində səhra bölgəsində yerləşən və təxminən 24 hektar ərazini əhatə edən baza, ABŞ-ın Yaxın Şərqdəki ən böyük hərbi obyekti hesab olunur. ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) regional qərargahı burada yerləşdiyindən, Vaşinqton buranı "Yaxın Şərq Əməliyyatlarının mərkəzi" hesab edir. Buradan, Şimal-Şərqi Afrikadan Cənubi Asiyaya qədər uzanan geniş coğrafiyada hava əməliyyatları idarə olunur. İraq, Suriya və Yəməndəki əməliyyatlar da daxil olmaqla bölgədəki bir çox hava əməliyyatları bu bazadan idarə olunur.
Əl-Udeyddə, aralarında uzaqmənzilli bombardmançı təyyarələrin, yanacaqdoldurma və nəqliyyat təyyarələrinin və pilotsuz uçuş aparatlarının olduğu təxminən 100 təyyarənin yerləşdirildiyi bildirilir. Burada təxminən 10.000 Amerika hərbçisi xidmət edir. Bazadakı hərbçilərin əhəmiyyətli bir hissəsi 28 fevralda ABŞ-İsrail-İran müharibəsi başlamazdan əvvəl təhlükəsizlik səbəbi ilə təxliyə edilmişdi.
Qeyd edək ki, ABŞ və İran arasında 8 apreldə əldə edilən atəşkəs razılaşmasından və Pakistanın vasitəçiliyi ilə aparılan danışıqların nəticə verməməsindən sonra ABŞ prezidenti Tramp aprelin 13-də İrana qarşı "dəniz blokadası" tətbiq etmək qərarı verib və Hörmüz boğazına daxil olan və çıxan İranla əlaqəli gəmilərin qarşısını almağa başlayıb.
Bu dövrdə ABŞ Oman körfəzində və Hind okeanında bəzi İran ticarət gəmilərinə hücum edərək onları ələ keçirib, İran isə Hörmüz boğazı yaxınlığında bir neçə gəmini ələ keçirərək ABŞ-a cavab verib.
Tahir TAĞIYEV