Rusiya Xarici İşlər Nazirliyi Almaniya Parlamentinin üzvü Roderix Kizevetter ilə Rusiyanın terror təşkilatları siyahısında olan "Çeçenistan İçkeriya Respublikası" təşkilatının rəhbəri Əhməd Zakayev arasında keçirilən görüşlə bağlı Almaniyaya etiraz notası göndərib.
Nazirliyin açıqlamasında Almaniya parlamentinin üzvü Kizevetterin Ukrayna Prezidenti Zelenski administrasiyasının dəstəyi ilə Kiyevdə Zakayevlə görüşdüyü xatırladılıb.
Təşkilat üzvlərinin Rusiya ərazisində təxribat aktları həyata keçirdiyi iddia edilən açıqlamada bildirilir ki, buna görə Almaniyanın Moskvadakı səfiri Aleksandr Qraf Lambsdorff nazirliyə çağırılıb və ona etiraz notası verilib: “Moskva bu görüşü Almaniya hökumətinin Rusiyanın daxili işlərinə müdaxiləsi və milli təhlükəsizliyinə təhdid hesab edir. Almaniya tərəfinə bu cür hərəkətlərin nəticələri olacağı barədə xəbərdarlıq edilib. Rusiyaya qarşı düşmənçilik addımları qaçılmaz olaraq cavablandırılacaq".
"İçkeriya Çeçenistan Respublikası" təşkilatı ötən həftə Rusiyanın qadağan olunmuş terrorçu və ekstremist təşkilatlar siyahısına əlavə edilib.
Tahir TAĞIYEV