Dubayda yerləşən “Znera” memarlıq firması Hörmüz boğazını keçəcək strateji su yolunun tikintisi ilə bağlı hazırladığı planı ictimaiyyətə təqdim edib.
ABŞ və İran arasındakı münaqişə səbəbindən gəmiçilik üçün bağlanan Hörmüz boğazı enerji qiymətlərini kəskin artırıb. Neft, qaz və neft-kimya məhsullarının daşındığı Hörmüz boğazının bağlanması beynəlxalq ticarətə ciddi təsir göstərir.
Hörmüz ətrafında böhrandan sonra hərəkətə keçən memarlıq firması "Birlik boğazı" adlı yeni layihəsinin rəqəmsal təsvirlərini yayımlayıb. Şirkətin açıqlamasına görə, nəhəng su yolu Müsəndəm yarımadasından keçərək Fars körfəzini Oman körfəzi ilə birləşdirəcək.
"Birlik boğazı"nın dəqiq uzunluğu ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Lakin şirkətin paylaşdığı xəritələrə əsasən, marşrutun təxminən 90 kilometr ərazini əhatə etdiyi təxmin edilir. Layihənin tikinti dəyərinin milyardlarla dollara çatacağı gözlənilir.
Tahir TAĞIYEV