Rusiyanın Elm və Ali Təhsil nazirinin müavini Denis Sekirinski Volqa bölgəsində keçirilən Sağlam Uzunömürlülük konfransında qocalma əleyhinə peyvənd kimi təsvir edilən gen terapiyası dərmanını ictimaiyyətə təqdim edib.
"Moscow Times" qəzetinin məlumatına görə, 2025-ci ildə başlanan Yeni Texnologiyalarla Sağlamlığın Qorunması üzrə Milli Layihə öz bəhrəsini verməyə başlayıb. Məqalədə vurğulanır ki, bir vaxtlar xəyal hesab edilən qocalmanın qarşısını almaq ideyası artıq tibbi reallığa çevrilib.
Nazir müavini Sekirinski bildirib ki, dərmanın iş prinsipi bədəndə qocalma prosesini tetikləyən bioloji mexanizmlərin dayandırılmasına əsaslanır: "Dərman aktivləşdirildikdə hüceyrə qocalmasını başladan RAGE reseptorunu bloklayır".
Sekirinskinin sözlərinə görə, bu reseptoru deaktiv etməklə hüceyrələrin gənclik dövrünü uzatmaq və yaşla əlaqəli degenerasiyanı yavaşlatmaq hədəflənir.
Yaşlanma Biologiyası və Tibb İnstitutu tərəfindən həyata keçirilən layihənin büdcəsinin 2 trilyon rubldan (26,4 milyard dollar) çox olduğu bildirilir. Eksperimental müalicənin müddəti barədə məlumat verən Baş nazirin müavini Tatyana Qolikova isə bildirib ki, bu eksperimental müalicənin seriyalı istehsalına 2028-2030-cu illər arasında başlamaq planlaşdırılır.
Kişilərin orta ömür uzunluğunun 67 il olduğu Rusiyada, eksperimental tədqiqat uğurlu olacağı təqdirdə, insan ömrünün əhəmiyyətli dərəcədə uzadıla biləcəyi bildirilir. Bununla belə, mütəxəssislər bu iddiaları təsdiqləmək üçün uzunmüddətli elmi sınaqların və yoxlamaların aparılmasının vacibliyini qeyd edirlər.
Yaşlanma əleyhinə peyvənd layihəsi Rusiya Prezidenti Vladimir Putinin uzun ömür yaşamaq arzusunu da yenidən diqqət mərkəzinə gətirib. Bir neçə ay əvvəl süni intellekt konfransında çıxış edən Putin bu mövzu ilə bağlı deyib: "150 yaşa çatmaq mümkündür. Amma hətta bu da, pul kimi, həmişə kifayət etməyəcək".
Tahir TAĞIYEV