ABŞ prezidenti Donald Tramp İranla müharibədə tezliklə böyük bir qələbə qazanacaqlarını bildirib. Tramp İranla müharibənin "çox tezliklə" başa çatacağına və ABŞ-ın qalib gələcəyinə inandığını bildirib.
Əvvəlki açıqlamalarında Tramp ABŞ və İran arasında gözlənilən üzbəüz və ya dolayı danışıqları "vaxt itkisi" adlandırsa da, İran rəsmiləri ilə telefon danışıqları vasitəsilə razılığa gələ biləcəklərini bildirib. "İranlılar danışmaq istəsələr, bizə zəng edə bilərlər. Bilirsiniz, bizim gözəl, etibarlı xətlərimiz var", - deyə Tramp bildirib.
Tramp İran hökuməti daxilində "parçalanma" olduğunu iddia edib: "İran liderləri çox qəribədirlər; bəzən kiminlə iş gördüyünüzü bilmirsiniz. Hazırda İranda danışdığımız bəzi insanlar çox ağıllıdır, bəziləri isə yox. Ümid edirəm ki, İran ağıllı hərəkət edəcək".
Tramp ABŞ Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazını blokadasının davam etdiyini və uğurlu nəticələr verdiyini bildirib, lakin blokadanın İranın neft infrastrukturunu çökdürə biləcəyi barədə xəbərdarlıq edib. Tramp İranın neft anbarlarının dolu olduğunu və ehtiyatları saxlamaq üçün yerlərin olmamasının texniki problemlərə səbəb olacağını və bu problemlərin neft boru kəmərlərinin kütləvi şəkildə dağılmasına səbəb olacağını iddia edib: "İranın neft infrastrukturunun partlamasına təxminən üç gün qalıb".
Çinin İrana kömək edib-etmədiyinə gəldikdə isə ABŞ prezidenti deyib: "Onlar kömək edə bilər, amma çox kömək etdiklərini düşünmürəm. Daha çox kömək edə bilərdilər. Çox məyus deyiləm; biz də insanlara kömək edirik. Ukraynaya kömək etdik; bunu bu qədər geniş miqyasda etməməli idik".
Tahir TAĞIYEV