Estoniyanın Baş naziri Kristen Mixal təxminən 500 milyard avro dəyərində qiymətləndirilən "Ukraynanın yenidən qurulması"nı maliyyələşdirmək üçün idxal edilən Rusiya mallarına əlavə gömrük vergisi tətbiq etməyi təklif edib.
Baş nazirin sözlərinə görə, hətta dondurulmuş 210 milyard avroluq Rusiya aktivləri belə dəymiş ziyanı ödəmək üçün kifayət deyil və buna görə də Rusiyadan icazə verilən mallara vergi tətbiq etmək əlavə maliyyə mənbəyi təmin edə bilər.
Almaniya və Polşa da daxil olmaqla yeddi Aİ ölkəsi tərəfindən dəstəkləndiyi iddia edilən bu təşəbbüs, 2024-cü ildə Rusiyaya 5,4 milyard avro ixrac gəliri gətirən polad, gübrə və digər məhsullara tarifləri nəzərdə tutur.
Aktiv müzakirələrə baxmayaraq, tarif təklifi hələ tam dəstək qazanmayıb və Aİ-nin bu yaxınlarda təsdiqlənmiş 20-ci sanksiya paketinə daxil edilməyib.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev isə Estoniyanın Rusiya mallarına əlavə vergilər tətbiq etməklə Ukraynanı maliyyələşdirmək təklifini sərt şəkildə tənqid edib. Medvedev bildirib ki, onların bu təşəbbüsünə qarşı Rusiya Aİ ölkələrinə ixracata (xüsusilə gübrə kimi məhsullara) yeni tariflər tətbiq etməklə cavab verməlidir. O, əldə edilən gəlirin birbaşa Rusiyanın müdafiə sənayesini və hərbi əməliyyatlarını maliyyələşdirəcəyini, Avropada ərzaq qiymətlərini artıracağını və eyni zamanda Rusiyanın raket və pilotsuz təyyarə imkanlarını gücləndirəcəyini bildirib.
Tahir TAĞIYEV