Rusiyada məhkəmə icraçıları Baş Prokurorluq tərəfindən başlanan iş çərçivəsində keçmiş müdafiə nazirinin müavini Timur İvanova məxsus təxminən 1,2 milyard rubl dəyərində aktivlərin dövlət hesabına keçirilməsi üçün prosedurlara başlayıblar.
Məhkəmə qərarına əsasən, dörd kommersiya şirkəti, dörd bölgədə 44 əmlak, lüks nəqliyyat vasitələri, mədəni əhəmiyyətli aktivlər və nağd pul müsadirə edilib.
Federal İcra Xidməti İvanovun bütün daşınar və daşınmaz mülklərini qanuni olaraq dövlətə keçirməyi hədəfləyir.
Hazırda davam edən başqa bir istintaqda isə keçmiş nazir müavini ümumilikdə 1,415 milyard rubl məbləğində rüşvət almaqda da ittiham olunur.
Timur İvanov iki il əvvəl Rusiyanın Ukraynaya hücumundan bəri ordu ilə bağlı ən böyük korrupsiya işlərindən birində həbs edilib.
"Ən varlı təhlükəsizlik məmurlarından biri" kimi təsvir edilən 48 yaşlı İvanov Rusiya mediası tərəfindən özü və ailəsinin dəbdəbəli həyat tərzi ilə bağlı tez-tez araşdırmaların mövzusu olub. İvanov həmçinin keçmiş müdafiə naziri Sergey Şoyqunun yaxın adamlarından bir hesab olunurdu.
Tahir TAĞIYEV