İranın vitse-prezidenti İsmayıl Sekab İsfahani ölkənin neft infrastrukturuna edilən hər hansı bir hücumun Səudiyyə Ərəbistanının enerji obyektlərinin də hədəf alındığı cavab zərbələri ilə qarşılanacağını bildirib.
Tehranın İslamşəhr rayonunda ABŞ və İsrailə qarşı etiraz aksiyasında iştirak edən İsfahani ABŞ-ın İranın neft obyektlərinə hücumla bağlı yeni təhdidlərinə münasibət bildirərkən, Trampın təhdidlərindən qorxmadıqlarını deyib: "Hədəflərimiz bəllidir. Hazırlıqlarımızda bir nərdivan hazırlamışıq, aşağı pillələr "gözə göz, dişə diş" prinsipinə, yuxarı pillələr isə "başa baş" prinsipinə əsaslanır. Neft quyularımızdan hər hansı biri vurularsa, Səudiyyə Ərəbistanının neft obyektlərindən biri də hədəfə alınacaq. Buna görə Trampın ritorikasından qorxmayın. Lazımi və uyğun cavab veriləcək".
Bundan əvvəl Tramp, ABŞ-ın tələblərini yerinə yetirilməsə, İranın enerji obyektləri də daxil olmaqla, mülki infrastrukturunu hədəfə alacağı ilə hədələmişdi.
Tahir TAĞIYEV