ABŞ dairələrində G20 hazırlıqları ilə bağlı müzakirələr qlobal tarazlığa təsir göstərə biləcək bir məsələni gündəmə gətirib. ABŞ prezidenti Donald Tramp dekabr ayında Mayamidəki Doral qolf kurortunda keçirilməsi planlaşdırılan G20 sammitinə Rusiya prezidenti Putini də dəvət etməyi düşünür.
"Washington Post" qəzetinin məlumatına görə, hələlik rəsmi dəvətnamə göndərilməsə də, ABŞ administrasiyasının rəsmisi Rusiyanın G20 üzvü olaraq sammitə və nazirlər səviyyəsində görüşlərə dəvət olunacağını bildirib.
Tramp isə Putini G20 sammitində görmək istədiyini, lakin iştirakına şübhə ilə yanaşdığını bildirib. Ağ Evdə keçirilən mətbuat konfransında Tramp "Gəlib-gəlməyəcəyini bilmirəm. Düzünü desəm, gələcəyinə şübhə edirəm" deyib, lakin əlavə edib ki, "Əgər gələrsə, bu faydalı olardı".
Tramp həmçinin ABŞ-ın keçmiş prezidenti Barak Obamanı Rusiyanın G8-dən çıxarılması qərarına görə tənqid edərək deyib: "Putin bundan çox narahat və haqlı idi".
Bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin Moskvanın sammitdə yüksək səviyyəli iştirak üçün dəvət aldığını açıqlamışdı.
Tahir TAĞIYEV