Jurnalistlərin İranla bağlı sualları ABŞ prezidenti Donald Trampı qəzəbləndirib. Bir jurnalistin İranla müharibənin nə qədər davam edəcəyi ilə bağlı sualına qəzəblənən Tramp cavab olaraq "Sən bir utanc mənbəyisən" deyib.
Tramp İranla hazırda razılaşma əldə edə biləcəyini deyib: “Amma istəyirəm ki, bu, müvəqqəti deyil, daimi olsun. Hazırda boğaza tam nəzarət edirik. Əgər boğazı razılaşma olmadan açsaq, bu, onların gündə 500 milyon dollar qazanacağı deməkdir. Bu məsələni həll edənə qədər onların gündə 500 milyon dollar qazanmasını istəmirəm".
Bu vaxt Tramp İranla müharibənin nə qədər davam edəcəyini soruşan bir jurnalistə qəzəblənib. Jurnalist "Amerika xalqına, bunu sorğulayanlara nə deyirsiniz?" sualına Tramp "Siz tamamilə utanc mənbəyisiniz. Az əvvəl dediklərimi eşitdinizmi? Vyetnam nə qədər davam etdi?" cavabını verib.
Jurnalistin daha sonra "İranda müharibənin başlamasından 8 həftə keçib və siz onun 4 həftə davam edəcəyini demişdiniz" sözlərinə Trampın cavabı "Qısa bir fasilə verdim" olub.
Benzinin yüksək qiyməti ilə bağlı suala isə Tramp belə cavab verib: "Amerikalılar müvəqqəti bahalı benzinin müqabilində nüvə silahından azad İran əldə edəcəklər".
İrana qarşı nüvə silahından istifadə edib-etməyəcəyini soruşan başqa bir jurnalistə də qəzəblənib: "Xeyr, istifadə etməzdim. Bizin buna ehtiyacımız yoxdur. Niyə ehtiyacımız olmalıdır? Belə axmaq bir sualın niyə verildiyini başa düşmürəm. Niyə nüvə silahından istifadə etməliyəm? Bu olmadan da onları ənənəvi bir şəkildə tamamilə məhv etdik".
Tahir TAĞIYEV