İranla atəşkəsi qeyri-müəyyən müddətə uzadan ABŞ prezidenti Hörmüz boğazında gərginliyi daha da artıran yeni açıqlamalar verib. Tramp sosial media hesabında paylaşım edərək, orduya Hörmüz boğazında mina döşəyən gəmiləri vurmaq əmri verdiyini bildirib.
“Hörmüz boğazı sularında mina döşəyən hər hansı bir gəminin, hətta kiçik qayıqların (Dəniz Qüvvələrinin bütün gəmiləri, 159-u dənizin dibindədir!) vurulub məhv edilməsi əmrini verdim. Heç bir tərəddüd olmayacaq. Bundan əlavə, mina təmizləmə gəmilərimiz hazırda boğazı təmizləyir. Bu əməliyyatın üçqat artırılmasını əmr edirəm” – deyə Tramp bildirib.
Yuxarıda qeyd olunan göstərişdən sonra ABŞ prezidenti başqa bir paylaşım edərək Hörmüz boğazının ABŞ-ın nəzarətində olduğunu iddia edib: "İran, liderlərinin kim olduğunu anlamaqda çətinlik çəkir! Onlar həqiqətən bilmirlər! Döyüş meydanında dəhşətli məğlubiyyətlərə uğrayan "sərt xətt tərəfdarları" ilə o qədər də mülayim olmayan (amma hörmət edilən!) "mülayimlər" arasındakı daxili mübarizə, DƏLİLİKDİR! Hörmüz boğazı tam nəzarətimiz altındadır. Heç bir gəmi ABŞ Hərbi Dəniz Qüvvələrinin razılığı olmadan girə və ya çıxa bilməz. İran razılaşma əldə edənə qədər boğaz "sıx bağlı" qalacaq".
Tahir TAĞIYEV