Slovakiya və Macarıstan vetonu götürdükdən sonra Aİ ölkələrinin daimi nümayəndələri Ukraynaya qarşı müharibəni davam etdirən Rusiyaya qarşı yeni sanksiyalar paketini təsdiqləyib. Əvvəlcə 20-ci paketin fevralın sonunda qəbul edilməsi istənilirdi, amma Macarıstan bir neçə ay onu bloklamışdı. Aprelin 22-də Aİ-nin 27 üzvünün hamısının daimi nümayəndələri yeni məhdudlaşdırıcı tədbirlərin lehinə səs verib.
İndi bu məsələ Aİ Şurasında yazılı təsdiq prosedurundan keçməlidir. Prosedurun aprelin 23-ü günortaya kimi başa çatdırılıb. Macarıstan və Slovakiyanın Aİ-dəki səfirləri də qərarı dəstəkləyib. Budapeşt və Bratislavanın etirazını aradan qaldırmaq üçün Ukrayna aprelin 22-də “Drujba” neft kəmərinin işini bərpa etməyə icazə verib.
Macarıstan və Slovakiya yeni sanksiyalar paketinə qarşı çıxırdı. Hələ bir neçə gün əvvəl Slovakiya hakimiyyəti bildirirdi ki, ölkə “Drujba” kəməri ilə yenidən Rusiya nefti alana qədər 20-ci paketi bloklayacaq. Slovakiyanın XİN rəhbəri Yuray Blanar demişdi ki, Bratislavanın Ukrayna prezidenti Vladimir Zelenskini Avrokomissiya ilə birlikdə “Drujba”nı yenidən açmağa məcbur etmək üçün başqa aləti yoxdur. Macarıstanda parlament seçkilərində qalib gələn “Tisa” partiyasının lideri Peter Madyar isə Ukrayna ilə bağlı Aİ qərarlarını bloklamayacağına söz vermişdi. Aİ-də artıq növbəti, 21-ci sanksiyalar paketini də müzakirə edirlər.
“Drujba” neft kəməri ətrafında münaqişə yanvarın sonunda başlayıb. Rusiya nefti Macarıstan və Slovakiyaya bu kəmərlə gəlmirdi. Ukrayna bildirmişdi ki, ərazisindən keçən kəmər Rusiya dronları vasitəsi ilə zədələnib. Fevralın ortasında Slovakiya hökuməti tədarükün dayanmasına görə “neft sahəsində fövqəladə vəziyyət” elan etmişdi. Macarıstan və Slovakiya Kiyevi kəmərin təmirini uzatmaqda və zədələri neft nəqlini dayandırmaq üçün bəhanə kimi istifadə etməkdə ittiham edirdi. Bu mübahisəyə görə Macarıstanın baş naziri Viktor Orban Rusiyaya qarşı 20-ci sanksiyalar paketini bloklamışdı və Ukraynaya Aİ kreditinin ayrılmasına veto qoymuşdu. Martda Kiyev Aİ-nin kəmərin təmirində köməyini qəbul etməyə razılaşdı. Aprelin 21-də Kiyev “Drujba”nın zədələnmiş hissəsinin təmir olunduğunu bildirdi.
Avropa Komissiyası Rusiyaya qarşı 20-ci sanksiyalar paketini fevralın əvvəlində təqdim etmişdi. Brüssel paketi Ukraynada genişmiqyaslı müharibənin 4-cü ildönümü ərəfəsində təsdiq etməyə ümid edirdi, amma Budapeştin blokadasına görə qərar qəbul olunmamışdı. Sanksiyaların tətbiqi üçün Aİ-nin bütün üzvlərinin razılığı lazımdır.
20-ci sanksiyalar paketinə bir neçə əsas istiqamət daxildir və məqsəd Rusiyanın müharibəni maliyyələşdirmək imkanlarını daha da məhdudlaşdırmaqdır.
Birinci hissə Rusiyanın neft gəlirlərinə qarşıdır. Aİ Rusiya neftinin dənizlə daşınması üçün xidmətlərə tam qadağa qoyur. Yəni Avropa şirkətləri Rusiya neftini daşıyan tankerləri sığortalaya, maliyyələşdirə və ya onlara texniki xidmət göstərə bilməyəcək. Bununla yanaşı, Rusiyanın “kölgə donanması” adlandırılan tankerləri almasını çətinləşdirmək üçün əlavə tədbirlər gəlir. Köhnə tankerlərin Rusiyaya satılması və Rusiya üçün daşımaya cəlb olunması nəzarətə götürülür.
İkinci hissə maliyyə sektorunu hədəfləyir. Aİ Rusiya banklarına təzyiqi artırır. Əsas yenilik budur ki, təkcə Rusiya bankları yox, üçüncü ölkələrdə yerləşən və sanksiyalı malların Rusiyaya qanunsuz çatdırılmasına kömək edən banklar da sanksiyaya düşə bilər. Məsələn, Türkiyədə, Qazaxıstanda, BƏƏ-də Rusiya ilə işləyən bəzi banklar risk altındadır. Bununla Aİ sanksiyalardan yayınma sxemlərini bağlamaq istəyir.
Üçüncü hissə ticarət məhdudiyyətləridir. İxrac qadağaları genişlənir. Aİ-dən Rusiyaya rezin, traktor, tikinti texnikası, kibertəhlükəsizlik sahəsində xidmətlər və proqram təminatı satmaq qadağan olunur. Bu qadağaların ümumi dəyəri 360 milyon avrodan çoxdur. İdxal tərəfdən də yeni qadağalar var. Rusiyadan Aİ-yə metallar, kimyəvi məhsullar, kritik minerallar və xammal gətirmək məhdudlaşdırılır. Bunun həcmi 570 milyon avrodan çoxdur. Hərbi təyinatlı malların siyahısı da artırılır. Xüsusilə partlayıcı maddələrin hazırlanmasında istifadə olunan kimyəvi komponentlərin, dron hissələrinin, optik cihazların Rusiyaya satışı qadağan edilir.
Dördüncü yenilik sanksiyalardan yayınmaya qarşı xüsusi alətin ilk dəfə işə salınmasıdır. Aİ artıq izləyib ki, bəzi mallar Qırğızıstan, Ermənistan, Serbiya kimi ölkələrə satılır, ordan da Rusiyaya reeksport olunur. Ona görə riskli ölkələrə CNC (Computer Numerical Control", yəni "Kompüterlə Rəqəmsal İdarəetmə" dəzgahları) dəzgahları, dəqiq emal avadanlığı, radiostansiyalar, naviqasiya sistemləri satmaq qadağan edilir. Yəni mal Rusiyaya birbaşa yox, dolayı yolla da gedə bilməyəcək.
Beşinci hissə hüquqi qorunmadır. Aİ şirkətlərini Rusiyada əmlaklarının ədalətsiz müsadirəsindən və əqli mülkiyyət oğurluğundan qorumaq üçün yeni mexanizmlər yaradılır. Əgər Rusiya Aİ şirkətinin zavodunu və ya brendini qanunsuz alırsa, həmin şirkətə kompensasiya və hüquqi dəstək veriləcək.
Ümumiyyətlə, 20-ci paket əvvəlki paketlərdən fərqli olaraq təkcə birbaşa qadağalar qoymur, həm də Rusiyanın sanksiyalardan yayınma yollarını bağlamağa çalışır. Əsas zərbə neft logistikasına, bank sxemlərinə və üçüncü ölkələr üzərindən gedən ticarətə dəyir.
Akif NƏSİRLİ