Bəhruz Quliyev: “Cənubi Qafqazda əldə olunacaq sülh, qlobal miqyasda konfliktlərin həlli üçün yeni yanaşma formalaşdıracaq”
Aprelin 22-də ölkəmizdə rəsmi səfərdə olan Latviya Prezidenti Edqars Rinkeviçs Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması təkcə region üçün deyil, bütün dünya üçün əhəmiyyətli hadisə olacaq. Bu barədə Latviya Prezidenti Edqars Rinkeviçs bildirib: "Cənab Prezident, Sizi və Azərbaycan xalqını artıq paraflanmış sülh sazişi ilə bağlı təbrik edirəm. Ümid edirik ki, sülh sazişi tezliklə imzalanacaq. Bu, təkcə region üçün deyil, bütün dünya üçün əhəmiyyətli hadisə olacaq".
Sülh sazişinin imzalanması niyə bütün dünya üçün əhəmiyyətli olacaq?
“Latviya Prezidentinin səsləndirdiyi bu fikir təsadüfi deyil və beynəlxalq münasibətlər sistemində baş verən proseslərin məntiqi nəticəsidir. Cənubi Qafqazda, xüsusilə Azərbaycanla Ermənistan arasında uzun illər davam edən münaqişənin sülh sazişi ilə yekunlaşması artıq təkcə regional məsələ deyil, qlobal təhlükəsizlik arxitekturasının mühüm elementinə çevrilib”. Bunu baki-xeber.com-a “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Latviya Prezidentinin fikirlərini şərh edərkən deyib.
Ekspert əlavə etdi ki, bu sülh sazişi post-münaqişə dövründə yeni bir siyasi modelin formalaşmasına xidmət edəcək. O, vurğuladı ki, regionda sabitliyin təmin olunması qlobal enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. “Xatırladaq ki, Azərbaycan Avropanın enerji təminatında əsas tərəfdaşlardan biridir və bu kontekstdə Avropa İttifaqı ilə əməkdaşlığın daha da dərinləşməsi üçün sabitlik əsas şərtdir. Sülh sazişi enerji marşrutlarının təhlükəsizliyini möhkəmləndirəcək və alternativ enerji yollarının inkişafına təkan verəcək.
Düşünürəm ki, sülh proses beynəlxalq münasibətlərdə presedent rolunu oynaya bilər. Münaqişələrin hərbi deyil, siyasi və diplomatik yollarla həll olunması modeli digər münaqişə ocaqları üçün də nümunə kimi çıxış edəcək. Bu baxımdan Cənubi Qafqazda əldə olunacaq sülh, qlobal miqyasda konfliktlərin həlli üçün yeni yanaşma formalaşdıracaq.
Kommunikasiya xətlərinin açılması, xüsusilə, Zəngəzur dəhlizi kimi layihələrin reallaşması Asiya ilə Avropanı birləşdirən yeni iqtisadi xəritənin yaranmasına səbəb olacaq. Bu isə beynəlxalq ticarətin genişlənməsi, logistikanın sürətlənməsi və yeni iqtisadi imkanların ortaya çıxması deməkdir.
Hesab edirəm ki, sülh sazişi regionda qarşılıqlı etimad mühitinin formalaşmasına gətirib çıxaracaq. Bu isə yalnız dövlətlər arasında deyil, xalqlar arasında da uzunmüddətli sabitliyin əsasını qoyacaq.
Beləliklə, Latviya Prezidentinin qeyd etdiyi kimi, bu sənədin imzalanması lokal hadisə deyil, bu, qlobal siyasi, iqtisadi və təhlükəsizlik sisteminə birbaşa təsir edən strateji dönüş nöqtəsidir", - deyə B.Quliyev əlavə etdi.
İradə SARIYEVA