Xaqani Cəfərli:“ABŞ dünya dövləti olduğu müddətdə İsrailə münasibətləri dəyişməyəcək”
ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak İstanbul Diplomatiya Forumundakı çıxışında ABŞ-ı xarici siyasət yanaşmasına yenidən baxılmasına çağırıb. O bildirib ki, regiondakı ölkələr Vaşinqtonun köməyi olmadan öz problemlərini həll etməlidirlər.
Necə başa düşək, səfir Amerikanı İsraildən də əl çəkməyə çağırır? Bu bəyanatın mənası nədir?
Bəzi ekspertlər hesab edir ki, ABŞ səfiri bu fikirləri söyləməklə əslində ABŞ-ın İsraildən imtina edəcəyinə işarə vurub.
Politoloq Xaqani Cəfərli baki-xeber.com-a səfirin fikirlərini şərh edərkən bildirdi ki, ABŞ-ın Türkiyə səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak peşəkar diplomat deyil: “Onun Yaxın Şərq regionu ilə bağlı məlumatları, təsəvvürləri də bəsitdir. Bununla belə onun sözlərinin İsraillə aid olması mümkün deyil. Azərbaycanda geniş yayılmış təsəvvür belədir ki, ABŞ İsrailə münasiibətləri bu dövlətin yəhudilərin dövləti olması, yəhudi lobbisinin ABŞ-da güclü olması ilə bağlıdır. Bu doğru deyil. İsrail ilk öncə ABŞ-ın Yaxın Şərq və Uzaq Şərq siyasətinin təməl ölkəsidir. Keçmiş prezident Cozef Bayden demişdi ki, əgər İsrail mövcud olmasaydı, onu yaratmaq lazım gələrdi. Buna görə də İsrailə münasibət adminstarsiyalardan asılı deyil. ABŞ dünya dövləti olduğu müddətdə İsrailə münasibətləri dəyişməyəcək. Hətta dərinləşəcək”.
X.Cəfərlinin sözlərinə görə, çünki, dünya ABŞ-ın lider olduğu dünya düzənindən ABŞ-ın hakim olduğu dünya düzəninə keçir. “Burada isə İsrailin rolu artacaq. Qarşıdakı 2-3 ildə hər kəs buna şahid olacaq. Bu mənada Azərbaycan “Xəzər asayişi” Alyansını nə qədər tez yaratsa, bir o qədər yaxşı olar. Vaşinqton S7+ (İpək Yeddi Plus) layihəsi çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan və Əfqanıstanla yeni əməkdaşlıq formatı yarada biləcəyi ilə bağlı gündəmdə olan təşəbbüs də “Xəzər asayişi” Alyansının zəruriliyini artırır”-deyə politoloq bildirdi.
İradə SARIYEVA