Tural İsmayılov: “Qarşılıqlı səfərlər və birbaşa təmasların təşviqi, tərəflər arasında etimadın formalaşmasına...”
“O vaxtdan (Ağ Evdə Birgə Bəyannamənin imzalanması) bəri bir çox irəliləyiş olub. Ticarət edilir, xüsusilə də Azərbaycandan Ermənistana yanacaq məhsulları ixrac olunmağa başlayıb”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də ölkəmizdə rəsmi səfərdə olan Latviya Prezidenti Edqars Rinkeviçslə mətbuata bəyanatında səsləndirib.
Azərbaycanın və Ermənistanın vətəndaş cəmiyyətinin, media nümayəndələrinin qarşılıqlı səfərlərinin və görüşlərinin olduğunu diqqətə çatdıran Prezident Əliyev bunun normal mühitin bərqərar edilməsinə töhfə verdiyini vurğulayıb.
Politoloq Tural İsmayılov baki-xeber.com-a bildirdi ki, qarşılıqlı səfərlər və birbaşa təmasların təşviqi, tərəflər arasında etimadın formalaşmasına və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə yönəlmiş mühüm addımdır. “Cənab Prezidentin Azərbaycan-Ermənistan nümayəndələrinin qarşılıqlı səfərlərinin normal mühitin bərqərar edilməsinə töhfə verməsi ilə bağlı səsləndirdiyi fikir, regionda formalaşan yeni siyasi reallıqların dərin və uzaqgörən təhlilinə əsaslanan mövqedir. Bu yanaşma, post-münaqişə mərhələsində münasibətlərin tədricən və sistemli şəkildə normallaşdırılmasına xidmət edən praqmatik diplomatiyanın bariz nümunəsi kimi qiymətləndirilə bilər.
Qarşılıqlı səfərlər və birbaşa təmasların təşviqi, tərəflər arasında etimadın formalaşmasına və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə yönəlmiş mühüm addımdır. Bu proses emosional və deklarativ yanaşmalardan uzaq, konkret fəaliyyətlər üzərindən qurulan sağlam siyasi dialoqun inkişafına şərait yaradır. Nəticə etibarilə, bu cür addımlar regionda sabitliyin və təhlükəsizliyin uzunmüddətli əsaslar üzərində təmin olunmasına xidmət edir”.
T.İsmayılovub fikrincə, eyni zamanda, bu mövqe Azərbaycanın sülhə və əməkdaşlığa sadiqliyini, beynəlxalq hüquqa və qarşılıqlı hörmət prinsipinə əsaslanan siyasətini bir daha nümayiş etdirir: “Praktiki diplomatik alətlərin ön plana çəkilməsi, normallaşma prosesinin real məzmun kəsb etməsinə və konkret nəticələrə yönəlməsinə imkan yaradır. Bu isə bütövlükdə Cənubi Qafqazda davamlı sülh mühitinin formalaşmasına mühüm töhfə verən strateji yanaşma kimi çıxış edir”.
İradə SARIYEVA