ABŞ prezidenti Donald Tramp İranla imzalayacaqları müqavilənin Barak Obama administrasiyası dövründə imzalanmış və Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) kimi tanınan nüvə sazişindən "daha yaxşı" olacağını iddia edib.
Tramp özünün Truth Social hesabındakı paylaşımda bildirib ki, "İranla imzalayacağımız müqavilə Barak Obama və Co Bayden tərəfindən hazırlanan və tez-tez İranın Nüvə Sazişi adlandırılan JCPOA-dan daha yaxşı olacaq".
Obama administrasiyası dövründəki nüvə sazişinin ABŞ və Yaxın Şərq üçün "indiyə qədər bağlanmış ən pis sazişlərdən biri" olduğunu deyən Tramp, bu sazişin İranın nüvə silahı əldə etməsinə yol açdığını iddia edib.
O vaxtkı ABŞ administrasiyasının təyyarə ilə İrana milyardlarla dollar nağd pul göndərdiyini bildirən Tramp, Tehrana milyardlarla dolların ödənildiyini iddia edib.
"Tramp administrasiyası dövründə razılaşma əldə olunarsa, bu, təkcə İsrail və Yaxın Şərq üçün deyil, həm də Avropa, Amerika və hər yerdə sülh, təhlükəsizlik və əmin-amanlığı təminat altına alacaq" – deyə ABŞ prezidenti bildirib.
Tahir TAĞIYEV