İran mətbuatında "İranın Pakistanda keçiriləcək danışıqların ikinci mərhələsində iştirak etməyəcəyi" iddialarından sonra Tehrandan yeni açıqlama gəlib.
Qeyd edək ki, İran mediası iddia edirdi ki, Tehran hökuməti ABŞ-ın "radikal tələbləri", "real olmayan gözləntiləri" və "daim dəyişən mövqeyi" səbəbindən Pakistanda planlaşdırılan danışıqların ikinci mərhələsində iştirak etməyəcək. İranın bu qərarı Trampın enerji infrastrukturunu və körpülərini məhv etmək təhdidindən sonra verildiyi bildirilirdi.
İranın ABŞ-la Pakistanda keçiriləcək ikinci danışıqlara nümayəndə heyəti göndərməyəcəyi barədə xəbərlərdən sonra, Pakistanın Baş naziri Şahbaz Şərif İran prezidenti Məsud Pezeşkianla 45 dəqiqəlik telefon danışığı aparıb.
İranın danışıqlar masasından çəkildiyi iddialarından sonra İran Parlamentinin Milli Təhlükəsizlik Komitəsinin rəhbəri İbrahim Əzizi “Al Jazeera”yə açıqlamasında İranın ABŞ-la danışıqları davam etdirmək qərarına gəldiyini, lakin bunun "nəyin bahasına olursa olsun danışıqlar aparmaq" və "qarşı tərəfin hər yanaşmasını qəbul etmək" demək olmadığını bildirib.
“Qırmızı xətlər” müəyyən etdiklərini və bunlara "hörmət edilməli" olduğunu deyən Əzizi, İranın İslamabada heyət göndərib-göndərməyəcəyi sualına cavab olaraq, bunun Tehranın müsbət siqnal alıb-almamasından asılı olduğunu bildirib.
Pakistan mənbələri isə Anadolu Agentliyinə, İran nümayəndə heyətinin danışıqlar prosesində iştirak edəcəyini bildiriblər.
Ancaq İran Xarici İşlər Nazirliyi bütün bunları təkzib edib. Nazirlik İranın ABŞ-la danışıqlar planının olmadığını bildirib.
Xatırladaq ki, Tramp dünənki açıqlamasında təhdidlərlə yanaşı diplomatiya üçün də açıq qapı saxlamışdı və ABŞ nümayəndələrinin danışıqlar üçün Pakistanın paytaxtı İslamabada getdiyini bildirmişdi.
Tahir TAĞIYEV