ABŞ-ın Oman körfəzində İran bayrağı altında üzən ticarət gəmisinə qarşı hərbi müdaxiləsindən sonra bölgədə gərginlik kəskin şəkildə artıb.
İran ABŞ-ın ticarət gəmisinə qarşı müdaxiləsini atəşkəsin pozulması kimi qiymətləndirib. İran rəsmiləri bildiriblər ki, Çindən çıxan gəmi ABŞ qüvvələri tərəfindən hədəfə alınıb və nəticədə gəminin naviqasiya sistemi sıradan çıxıb.
Bu müdaxiləyə cavab olaraq Tehran administrasiyası ABŞ hərbi gəmilərini hədəfə alıb. Yarı-rəsmi Tasnim Xəbər Agentliyinin məlumatına görə, İran Silahlı Qüvvələri “Touska” yük gəmisinə müdaxiləyə bir neçə ABŞ hərbi gəmisini dronlarla vuraraq cavab verib.
Hörmüz boğazı ətrafında gərginliyin ardından İran tərəfi ABŞ-ın dəniz blokadasını "dəniz piratlığı" adlandırib və cavab hücumlarının davam edə biləcəyi barədə xəbərdarlıq edib.
Qeyd edək ki, dünən açıqlama verən ABŞ prezidenti Tramp bildirib ki, ABŞ Hərbi Dəniz Qüvvələri blokadanı pozmağa çalışan İran yük gəmisinə atəş açaraq müdaxilə edib.
"İran heyəti xəbərdarlıqlara qulaq asmaqdan imtina edib, ona görə də Hərbi Dəniz Qüvvələrimiz gəminin mühərrik hissəsində deşik açaraq onları dayandırıb. Gəmi hazırda ABŞ Dəniz Piyadaları Korpusunun nəzarəti altındadır" – deyə Tramp bildirib.
Tahir TAĞIYEV