Avropa İttifaqına (AB) üzv olan bir neçə ölkənin xarici işlər nazirləri İsrailə qarşı sanksiyalar tətbiq edilməsini yenidən gündəmə gətirməyə hazırlaşır.
Aprelin 21-də Lüksemburqda keçirilən Avropa İttifaqı xarici işlər nazirlərinin görüşündə İsrailə qarşı ticarət sanksiyalarının Yaxın Şərqdəki hadisələr kontekstində yenidən nəzərdən keçirilməsi gözlənilir. İclasın gündəliyi ilə bağlı məlumatlı yüksək vəzifəli AB rəsmisi "sanksiya variantlarının hələ də masada olduğunu" bildirib və əlavə edib ki, müzakirənin necə nəticələnəcəyi hələlik bilinmir.
Diplomatik mənbələrdən əldə edilən məlumata görə, əvvəlki görüşlərdə İsrailə qarşı ticarət sanksiyalarının tətbiq olunmasını müdafiə edən Belçika, İrlandiya, Portuqaliya, Sloveniya və İspaniya məsələni yenidən qaldıracaq və digər üzv dövlətlər də onu dəstəkləyəcəklər.
Beynəlxalq insan haqları, humanitar yardım təşkilatları və həmkarlar ittifaqları da daxil olmaqla, ümumilikdə 64 təşkilat Avropa İttifaqı qurumlarını İsrail ilə münasibətlərdə bir sıra addımların atılmasına çağırıb.
AB Komissiyası tərəfindən 2025-ci ildə hazırlanmış tədbirlər arasında, İsrailin Aİ-nin Horizon Europe elm proqramından çıxarılması və ifrat sağçı İsrail siyasətçiləri Bezalel Smotriç və Itamar Ben-Gvirə, eləcə də Qərb Şəriyəsində zorakılığa görə məsul olan israilli köçkünlərə qarşı sanksiyalar yer alır. Bütün bu tədbirlər 2025-ci ilin oktyabr ayında atəşkəsdən sonra ləğv edilmişdi.
Digər tərəfdən, Avropa Vətəndaşları Təşəbbüsü çərçivəsində üç ay ərzində bir milyondan çox imza toplanaraq Aİ ilə İsrail arasında Assosiasiya Sazişinin dayandırılması gündəmə gətirilib. Hollandiya Parlamenti isə hökuməti Aİ ilə İsrail arasında Assosiasiya Sazişinin ticarət hissəsini dayandırmağa çağırıb.
Bu sanksiyaların bəziləri üzv dövlətlərin yekdil səsverməsini tələb etsə də, əvvəllər Viktor Orbanın rəhbərliyindəki Macarıstan hökuməti bu cür tədbirlərə veto qoymuşdu. Sanksiyaların qəbulu üçün Almaniya və İtaliyanında bu məsələ ilə bağlı mövqelərini dəyişməlidirlər.
Tahir TAĞIYEV