Dünyanın ən vacib enerji dəhlizlərindən biri olan Hörmüz boğazında gərginlik yenidən artır. Məlumatlara görə, Fars körfəzi ilə Oman körfəzini birləşdirən strateji əhəmiyyətli Hörmüz boğazında ticarət gəmilərinə silahlı hücum olub.
Beynəlxalq dəniz mənbələri bildirib ki, ərazidən keçməyə çalışan ən azı iki ticarət gəmisi atəşə tutulub. Hadisədən sonra gəmilərə hər hansı bir ziyan dəyib-dəymədiyi və ya insan tələfatı olub-olmadığı hələlik məlum deyil.
“Tanker Trackers” və dəniz mənbələrinin məlumatına görə, İran İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri Hörmüz boğazından çıxmağa çalışan iki Hindistan gəmisini zorla geri qaytarıb. Müdaxilə zamanı İnqilab Keşikçilərinin qayıqları gəmilərə atəş açıb.
Böyük Britaniya Dəniz Əməliyyatları Təşkilatı (UKMTO) da iki qayığın bir tanker və bir yük gəmisini hədəf aldığını təsdiqləyib.
Digər tərəfdən, İranın boğazı yenidən bağlayacağını elan etməsindən sonra körfəzi keçməyə çalışan təxminən 20 gəminin geri döndüyü bildirilir.
İran Silahlı Qüvvələrinin hərbi əməliyyatlar aparan bölməsi olan Xatəm əl-Ənbiya Mərkəzi Qərargahı, ABŞ-ın davam edən dəniz blokadası səbəbindən Hörmüz boğazına nəzarəti bərpa etdiyini açıqlamışdı.
Tahir TAĞIYEV