ABŞ-ın Rusiya neftinə qarşı sanksiyaları xüsusi lisenziyanın müddəti bitdikdən sonra, 11 apreldə yenidən bərpa edilib. Son günlərdə Rusiya mətbuatında lisenziyanın uzadılması ilə bağlı gözləntilər artmaqda idi.
"Politico"nun məlumatına görə, lisenziya müəyyən Rusiya neft və neft məhsulları əməliyyatlarına qoyulan məhdudiyyətləri bir ay müddətinə müvəqqəti olaraq aradan qaldırıb. Lakin lisenziyanın müddəti bitdikdə sanksiyalar yenidən bərpa edilib.
Bu dövrdə bəzi Demokrat senatorlar ABŞ prezidenti Donald Trampı lisenziyanın müddətini uzatmamağa çağırıb və Rusiyanın bu bir aylıq dövrdə təxminən 4 milyard dollar qazandığını qeyd ediblər.
Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi 13 martda verdiyi lisenziyada 12 marta qədər gəmilərə yüklənmiş Rusiya neft və neft məhsullarının bir ay müddətinə satışına icazə vermişdi. 19 martda yenilənən qayda isə İran, Şimali Koreya, Kuba, Krım və yeni ilhaq edilmiş Rusiya bölgələri ilə əlaqəli şəxslər və qurumlarla əməliyyatları qadağan edib. ABŞ Maliyyə Naziri Skott Bessent bildirib ki, bu müvəqqəti addım Yaxın Şərqdəki gərginlikdən sonra enerji bazarını sabitləşdirmək üçün atılıb.
Tahir TAĞIYEV