Sloveniya parlamentinin yeni spikeri Zoran Stevaniç ölkənin NATO-dan çıxması ilə bağlı referendum keçirəcəyinə söz verib. Stevaniç bildirib ki, Sloveniya müstəqil və suveren siyasət yürütməlidir və Sloveniyanın başqalarının hərbi və diplomatik münaqişələrində iştirakına qəti şəkildə qarşı çıxacaq.
"Biz xalqa NATO-dan çıxmaqla bağlı referendum vəd etmişik və bu referendumu keçirəcəyik" – deyə Stevaniç bildirib.
Stevaniç açıqlamalarında "Rusiyapərəst" baxışa sahib olmadığını, yalnız "Sloveniyapərəst" olduğunu vurğulayıb. Yeni parlament sədri qeyd edib ki,Sloveniya bütün ölkələrlə, xüsusən də böyük dövlətlərlə əməkdaşlıq etməlidir, lakin bu əməkdaşlıq heç vaxt başqa bir ölkəyə tabe olmaq anlamına gəlməməlidir.
Stevaniç, Sloveniyanın "qətiyyən" başqalarının hərbi və diplomatik münaqişələrinə qarışmayacağını bəyan edib.
NATO referendumundan əlavə, Stevaniç Qərblə Şərq arasındakı mövcud gərginliyə baxmayaraq, yaxın gələcəkdə Moskvaya səfər etmək planlarını da açıqlayıb. Bu açıqlama Sloveniyanın xarici siyasətdə tarazlıq axtarışının göstəricisi kimi şərh olunur.
Tahir TAĞIYEV