ABŞ prezidenti Donald Trampla katoliklərin mənəvi lideri və Vatikan dövlətinin başçısı Papa XIV Leo arasında gərginlik artır. Tramp Papa XIV Leonu müharibə əleyhinə açıqlamalarından sonra sərt tənqid edib.
“Papanı sevmirik. İranın nüvə silahına sahib olması ilə bağlı heç bir problemi olmayan və ya ABŞ-ın Venesuelaya hücum etməsinə qarşı çıxan bir Papa istəmirəm… ABŞ prezidentini tənqid edən bir Papa istəmirəm. Onsuz da Papa Leonu sevmirəm. O, son dərəcə liberal bir insandır” – deyə Tramp jurnalistlərə bildirib.
Papa XIV Leonu siyasətdən uzaq durmağa çağıran Tramp, onun bu vəzifəyə gəlişini "şok sürpriz" adlandırıb: "O, Papa olmaq üçün heç bir siyahıda yox idi. Kilsə tərəfindən sadəcə amerikalı olduğuna görə ora gətirildi. Çünki onlar düşünürdülər ki, bu, Prezident Donald Trampla münasibət qurmağın ən yaxşı yolu olacaq. Əgər mən Ağ Evdə olmasaydım, Leo da Vatikanda olmazdı".
Bu tənqidlərdən təxminən bir saat sonra Tramp özünü İsa Məsih kimi təsvir edən bir şəkil paylaşıb.
Şəkildə Tramp, ona dua edən və heyranlıqla baxan insanların əhatəsində təsvir olunub. Süni intellekt tərəfindən hazırlanan görüntüdə, arxa planda Amerika əsgərləri, qırıcı təyyarələr və ona dua edən insanların olduğu təsvir olunan Trampın bir xəstəni "sağaldırmış” kimi görünür.
ABŞ Konqresinin üzvü Marjori Teylor Qrin isə Trampı tvitinə görə sərt tənqid edib. Teylor Qrin "Bu, sadəcə küfrdən daha çox şeydir. Bu, Dəccalın ruhudur" deyib.
Tahir TAĞIYEV