ABŞ-ın İran limanlarına daxil olan və çıxan dəniz nəqliyyatını bloklamaq qərarı İranın sərt reaksiyasına səbəb olub. İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf sosial media paylaşımında ABŞ-ın qərarının benzin qiymətlərinin daha da artmasına səbəb olacağına işarə edib.
"Hazırda yanacaqdoldurma məntəqəsində gördüyünüz benzin qiymətlərindən həzz alın. Bu sözdə "blokada" ilə tezliklə 4-5 dollar dəyərində benzinə həsrət qalacaqsınız"- deyə İran rəsmisi bildirib.
Qalibaf, müxtəlif yanacaqdoldurma məntəqələrində qiymətləri göstərən bir tətbiqdə "Ağ Evə yaxın yanacaqdoldurma məntəqəsi" axtarışının ekran görüntüsünü paylaşıb.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) prezident Trampın əmrlərinə uyğun olaraq, İran limanlarına daxil olan və çıxan gəmilərə blokada tətbiq olunacağını açıqlayıb.
Qeyd olunub ki, blokada 13 apreldə, yəni bu gün Azərbaycan vaxtı ilə saat 18:00-da başlayacaq: "Blokada Fars körfəzi və Oman körfəzindəkilər də daxil olmaqla, bütün İran limanlarına və sahil ərazilərinə daxil olan və ya çıxan bütün gəmilərə ayrı-seçkilik edilmədən tətbiq olunacaq. Mərkəzi Komandanlıq qüvvələri İran xaricindəki limanlara gediş-gəliş məqsədilə Hörmüz boğazından istifadə edən gəmilərin naviqasiya azadlığına mane olmayacaq".
Tahir TAĞIYEV