İran mediası ABŞ və İran arasında İslamabadda aparılan danışıqlarda hələlik yekun qərar verilmədiyini, texniki müzakirələrin daha bir gün uzadıla biləcəyi ehtimalının olduğunu bildirib.
Yarı-rəsmi Tasnim Xəbər Agentliyi bildirir ki, ilkin görüşlər və məsləhətləşmələrdən sonra İran və Amerika nümayəndə heyətləri arasında danışıqlar artıq bəzi ümumi məsələlərdən kənara çıxaraq müəyyən məsələlər üzrə ətraflı və texniki müzakirələrə keçib.
Bundan başqa İran mətbuatında yayılan son xəbərlərə görə, İslamabad danışıqlarında Hörmüz boğazı ilə bağlı ciddi fikir ayrılıqları yaranıb və ABŞ tərəfinin sərt tələblərindən dolayı proses dalana dirənib.
Danışıqlar bir gün üçün planlaşdırılsa da, ekspert heyətinin müzakirələrini davam etdirmək üçün danışıqların daha bir gün uzadılması ehtimalının olduğu vurğulanıb, lakin hələlik qəti qərar verilməyib.
Bu arada, İran mediası İran müzakirə heyətinə istinadən danışıqların növbəti mərhələsinin bu axşam və ya sabah keçiriləcəyini bildirib. Həmçinin qeyd edilib ki, hər iki tərəfdən ekspert qrupları müzakirə olunan məsələlərin yazılı mətni ilə bağlı fikir mübadiləsi aparıblar.
Bu arada, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) Hörmüz boğazında mina təmizləmə əməliyyatlarına başladığı iddialarından sonra İran mediası Xatəm əl-Ənbiya Mərkəzi Qərargahının Hörmüz boğazı ilə bağlı açıqlamasını yayıb.
Açıqlamada ABŞ Hərbi Dəniz Qüvvələri gəmilərinin Hörmüz boğazına girməsi iddiaları təkzib edilərək, boğazdan keçidin tamamilə İran Silahlı Qüvvələrinin nəzarəti altında olduğu iddia edilib.
Tahir TAĞIYEV