ABŞ və İran arasında əldə edilən müvəqqəti atəşkəsin əhatə dairəsi ilə bağlı müzakirələr davam edərkən, Amerika mətbuatında diqqət çəkən bir iddia ortaya atılıb.
CBS News-a danışan iki adı açıqlanmayan mənbəyə görə, ABŞ prezidenti Tramp əvvəlcə Livanın da atəşkəs razılaşmasına daxil edilməsinə razılıq verib. Bildirilir ki, prosesdə vasitəçilik edən aktyorlar da Livanın atəşkəsə daxil edildiyinə inanıblar və bu barədə açıqlamalar veriblər. Xüsusilə, Pakistanın Baş naziri Şahbaz Şərif və İranın xarici işlər naziri Abbas Əraqçi kimi şəxslərin Livanın razılaşmanın bir hissəsi olduğu fikrini ifadə etdikləri bildirilir.
Müvəqqəti atəşkəsin elan edildiyi gün bir Ağ Ev rəsmisinin dəİsrailin razılaşmanın şərtlərini qəbul etdiyini bildirdiyi qeyd edilir. Lakin elə həmin gün Tramp və Netanyahu arasında telefon danışığından sonra proses fərqli bir istiqamət götürülüb.
İddialara görə, Tramp bu görüşdən sonra Livan məsələsində mövqeyini dəyişib və açıqlamalarında bu ölkənin razılaşmaya daxil edilmədiyini vurğulayıb. Tramp son açıqlamasında Livanın Hizbullah-a görə atəşkəsin əhatə dairəsindən kənarlaşdırıldığını bildirib.
Tahir TAĞIYEV