ABŞ/İsrail-İran arasında 40 gündür davam edən və qlobal enerji və təchizat zəncirlərini pozan müharibədə atəşkəs elan edilib. İki həftəlik atəşkəs elan edildikdən sonra Hörmüz boğazı gəmilərin hərəkəti üçün yenidən açılıb və hər iki tərəf qələbə elan edib.
Tərəflər arasında vasitəçilik edən Pakistanın Baş naziri Şərif isə tərəfləri danışıqları davam etdirmək üçün İslamabada dəvət edib. Bütün diqqətlər artıq 10 aprel cümə günü Pakistanda keçiriləcək danışıqlara yönəlib.
Şahbaz Şərif onu da bildirib ki, İranla ABŞ və müttəfiqləri arasında atəşkəs Livanı və digər bölgələri də əhatə edir. İsrail isə bunun tam əksini iddia edir.
İsrail Baş Nazirinin Ofisindən verilən yazılı açıqlamaya görə, Netanyahu Trampın İranla iki həftəlik atəşkəs elan etmək qərarını dəstəkləyib.
Netanyahu, İranla iki həftəlik atəşkəsin Livanı əhatə etmədiyini iddia edərək, ABŞ-ın İranın nüvə silahına sahib olmamasını və İsraili, ABŞ-ı, Körfəz dövlətlərini və digər ölkələri raketlərlə təhdid etməməsini təmin etmək səylərini dəstəklədiklərini bildirib.
Netanyahu əlavə edib ki, İsrail, Tehranın Hörmüz boğazını açması və atəşkəsə riayət etməsi şərti ilə, Prezident Trampın İrana hücumları iki həftəlik dayandırmaq qərarını dəstəkləyir.
Tahir TAĞIYEV