ABŞ-ın İranda "pilot xilasetmə əməliyyatı" ilə bağlı yeni bir iddia irəli sürülüb. ABŞ prezidenti Donald Tramp İran tərəfindən vurulan qırıcı təyyarənin pilotlarının əməliyyatla uğurla xilas edildiyini açıqlayıb. Lakin iddialar xilasetmənin gizli əməliyyat olduğunu və əsl məqsədin İranın uranını oğurlamaq olduğunu göstərir.
ABŞ-ın əməliyyatı zamanı vurulan təyyarənin qalıqlarının İsfahan və Nətənzdəki nüvə obyektlərinin yaxınlığında tapıldığı bildirilir. Əməliyyatda C-130J nəqliyyat təyyarəsinin istifadəsi də diqqət çəkib.
İran İnqilab Keşikçilərinə yaxın mənbələr əməliyyatın keçirildiyi əraziyə gücləndirilmiş qoşunların göndərildiyini açıqlayıb. Sosial mediada Kohgiluyə bölgəsi ətrafında partlayışlar və raket atışlarına aid olduğu bildirilən görüntülər paylaşılır. İran mənbələri ABŞ təyyarəsinin qalıqlarının görüntülərini paylaşarkən, keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin analitiki Larri Conson “Russia Today”ə danışarkən hadisələri "yoxlama əməliyyatı" kimi xarakterizə edib.
İran Xarici İşlər Nazirliyi də əməliyyatın mahiyyəti ilə bağlı fərqli ehtimalların olduğunu bildirir. Nazirlik həmçinin bildirir ki, İsfahanda pilot xilasetmə əməliyyatının əslində zənginləşdirilmiş uranı oğurlamaq əməliyyatı olması ehtimalı var.
Digər tərəfdən, ABŞ Prezidenti Tramp əməliyyatın ümumilikdə 48 saat davam etdiyini və əvvəlcə 21 hərbi təyyarənin İran hava məkanına aşağı hündürlükdə uçuşlarla daxil olduğunu bildirib. Tramp, İranın hava hücumundan müdafiə və radar sistemlərini məhv etdiklərini iddia edib və buna baxmayaraq, iranlıların Amerika təyyarələrini və helikopterlərini çiyindən atılan idarə olunan raketlərlə hədəfə aldıqlarını deyib.
Tramp bildirib ki, ikinci təyyarənin xilasetmə əməliyyatında ümumilikdə 155 təyyarə, o cümlədən 4 bombardmançı, 64 qırıcı, 48 yanacaqdoldurma və 13 xilasetmə təyyarəsi iştirak edib.
Tahir TAĞIYEV