ABŞ Gürcüstanda oxuyan erməni tələbələrin pulunu kəsdi - ermənilər etiraza qalxdı...

Gürcüstan İctimai Əlaqələr İnstitutunun (GIPA) erməni tələbələri azərbaycanlı tələbələrlə müqayisədə qeyri-bərabər şəraitdədir. ABŞ səfirliyi Azərbaycandan olan tələbələr üçün maliyyəni davam etdirsə də Gürcüstanda erməni tələbələrin təhsili və yerləşdirilməsinin maliyyələşdirilməsini dayandırıb. Bu fikir GIPA-nın erməni tələbələrinin yaydığı bəyanatda yer alıb. Bəyanatda deyilir: "20 ildir davam edən proqram üçün Ermənistan və Azərbaycandan olan tələbələri seçib Gürcüstana göndərən ABŞ-ın bu ölkədəki səfirliyidir. ABŞ hökuməti 2024-26-cı tədris ili üçün seçilmiş tələbələr üçün yalnız payız semestrində təqaüd ayırıb, lakin yaz semestrindən başlayaraq məlum olub ki, Ermənistandan olan tələbələrin maliyyə yardımı dayandırılsa da azərbaycanlı tələbələrin maliyyələşdirilməsi davam edir. Bu bərabərsizlik üzündən Ermənistandan olan tələbələr həm fiziki, həm də psixoloji cəhətdən çətin vəziyyətə düşüblər. Bu da erməni tələbələrin psixoloji iztirablarına səbəb olur.
Onlar bunu ABŞ hökumətinin öz ölkələrinə qarşı siyasi diskriminativ yanaşması kimi qiymətləndirirlər ki, bu da sinifdə çətin atmosfer yaradır. Tələbələr aprelin 23-də ABŞ-ın Ermənistandakı səfiri Kristina Quinnə rəsmi məktub göndərərək, bununla bağlı narahatlıqlarını ifadə etsələr də, bir aydan artıq vaxt keçsə də heç bir cavab almayıblar.
Surxay Əliyev