Rusiyada körpü qatarın üstünə uçdu - yeddi ölü, çox sayda yaralı var...

Rusiyanın qərbində Ukrayna sərhədi yaxınlığında yerləşən Bryansk vilayətində dəhşətli hadisə baş verib. Bryansk vilayətinin Vıqoniç rayonunda avtomobil körpüsü sərnişin qatarının üzərinə uçub, yeddi nəfər həyatını itirib, 69 nəfər xəsarət alıb.
Vilayətin qubernatoru Aleksandr Boqomaz bildirib ki, xəsarət alanlardan üçü, o cümlədən bir uşaq ağır vəziyyətdədir. 44 nəfər xəstəxanaya yerləşdirilib, 22 nəfər ambulator müalicə alır.
Hadisə Pilsino–Vıqoniç dəmir yolu sahəsində baş verib. “Miratorq” şirkətinə məxsus yük avtomobili körpünün üzərindən keçən zaman qəza baş verib, körpü Klymov–Moskva marşrutu ilə hərəkət edən sərnişin qatarının üstünə uçub. Hadisə nəticəsində lokomotiv və bir neçə vaqon relsdən çıxıb.
Rusiya Dəmir Yollarından körpünün nəqliyyata müdaxilə nəticəsində çökdüyü iddia edilib.
ZÜMRÜD