Paşinyan kilsəni dövlət sistemindən silib atmaq fikrindədir ...

Hüquq müdafiəçisi Ruben Melikyan baş nazir Nikol Paşinyanın Erməni Apostol Kilsəsinə qarşı təhqiramiz bəyanatları ilə bağlı hüquqi prosesin başlanmasının effektiv olacağına inanmır. Məlum olduğu kimi, hökumətin iclasında Ermənistanın baş naziri kilsələrin vəziyyətini tənqid edərək, onları “zibillə dolu şkaflar” adlandırıb. Daha sonra isə o, sosial şəbəkədə Erməni Apostol Kilsəsinə və onun yüksək rütbəli iyerarxlarına ünvanlanmış, kifayət qədər kobud ifadələr işlədilmiş sərt yazı dərc edib. Kilsə haqqında daha bir təhqiredici yazı onun həyat yoldaşı Anna Akopyan tərəfindən edilib. Melikyan vurğulayıb ki, bu cür siyasi məsələlər yalnız hüquqi dövlətdə hüquqi müstəvidə həll oluna bilər:- " Bu, hüquqi dövlətdə mümkündür, amma bizim kimi sürətlə diktaturaya doğru sürüşən ölkədə bu mümkün deyil", - deyə Melikyan bildirib. "Bundan əlavə, biz bu hökumətin formalaşdırdığı hüquq-mühafizə sisteminə də etibar edə bilmərik. Çünki onun siyasi sifarişlər və smslərlə deyil, qanunları rəhbər tutacağına zəmanətimiz yoxdur", - deyə Melikyan qeyd edib.
Öz növbəsində “Hayastan” fraksiyasının keçmiş deputatı, hüquqşünas Aram Vardevanyan hesab edir ki, kilsə Nikol Paşinyana tutarlı cavab verməlidir. "Erməni Apostol Kilsəsinin milli struktur kimi müstəsna statusunu təkcə bizim dəyərlər sistemimiz və tariximiz deyil, həm də Konstitusiyanın 2005-ci il nəşri diktə edir. Başqa sözlə, ÜAK-ın statusu həm mənəvi, həm də hüquqi baxımdan müstəsnadır. Və bu statusu nəzərə alsaq, Eçmiədzin Ana Taxtının cavabı münasib olmalıdır", - deyə Varvanyan sosial şəbəkədə yazıb..
Surxay Əliyev