Tramp: ABŞ-Aİ ticarət danışıqlarında irəliləyiş var

Amerika bazarlarında artım müşahidə olunur
ABŞ prezidenti Donald Tramp Avropa İttifaqı ilə ticarət danışıqlarında “müsbət irəliləyiş” olduğunu bildirib. Bu açıqlama Vol Stritdə səhmlərin yüksəlməsi ilə müşayiət olunub.
Tramp çərşənbə axşamı Truth Social platformasında paylaşdığı mesajda qeyd edib ki, Avropa İttifaqı tezliklə danışıqlar üçün görüş tarixlərinin müəyyənləşdirilməsinə çağırıb:
“Bu, müsbət hadisədir və ümid edirəm ki, Aİ razılaşmaya gələcək. Bu, onların xeyrinə olar.”
Prezident, eyni zamanda, Brüsselin danışıqlardakı ləngliyini tənqid edib və Aİ-dən idxal olunan mallara tətbiq etməyi planlaşdırdığı 50%-lik tarif qərarını müdafiə edib. Trampın bu tarif qərarı 1 iyundan 9 iyula qədər təxirə salınıb.
“Danışıqları yubatdıqları üçün Avropa İttifaqına qarşı 50%-lik tarif qərarından razıyam,” – deyə ABŞ prezidenti bildirib. O əlavə edib ki, ABŞ ədalətsiz rəftarla üzləşərsə və ya razılaşma mümkün olmazsa, “şəxsi səlahiyyətləri çərçivəsində razılaşma şərtlərini özü təyin edə bilər”.
Prezidentin açıqlamaları və sərhəd tarifləri ilə bağlı yumşalma bazarları müsbət təsirləndirib. ABŞ birjalarda S&P 500 indeksi 2%, Dow Jones 1.7%, Nasdaq Composite isə 2.4% artıb.
Avropa mənbələri danışıqlar üçün yolun açıldığını bildirir. Gözlənilir ki, gələn həftə Parisdə keçiriləcək OECD toplantısı çərçivəsində Aİ-nin ticarət komissarı Maroš Šefčovič və ABŞ-ın ticarət nümayəndəsi Ceymison Qrir arasında görüş baş tutacaq. Bununla yanaşı, texniki danışıqlar üçün Aİ nümayəndə heyəti yaxın günlərdə Vaşinqtona səfər edəcək.
Brüsselin hədəfi – hər iki tərəf arasında sənaye məhsullarında tariflərin sıfırlanması, Aİ-nin ABŞ-dan daha çox soya, mayeləşdirilmiş qaz və silah almasıdır.
Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron Trampın qeyri-sabit tarif siyasətlərinə eyham vuraraq, Vyetnamlı tələbələr qarşısında çıxışı zamanı impulsiv supergüclərin yaratdığı risklər barədə xəbərdarlıq edib.
Şəms Ajax
Bakı Dövlət Universiteti 4-cü kurs jurnalistika tələbəsi