Tramp İsraillə hərbi əməkdaşlığı dondurdu

“ABŞ prezidenti Donald Tramp İranın nüvə obyektlərinə hücum təhdidləri fonunda İsraillə hərbi əməkdaşlığın dondurulması haqda göstəriş verib”.Bu barədə İsrail telekanalı Kanal 12 bildirib. Telekanalın məlumatına görə, İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı zamanı Amerika lideri İranın nüvə obyektlərinə zərbələr endirməmək barədə “aydın” şəkildə xəbərdarlıq edib. Tramp vurğulayıb ki, hazırkı mərhələdə bu cür hərəkətlər “uyğun deyil” və İsrailin təhlükəsizlik maraqlarını nəzərə alan davamlı sazişin perspektivlərinə zərər verə bilər. Qeyd edilir ki, İsrail xüsusən də raketdən müdafiə sahəsində ABŞ-la əməkdaşlıqdan çox asılıdır. Kanal 12 İran məsələsində Trampla Netanyahu arasında ciddi fikir ayrılıqlarının olduğuna diqqət çəkib. Amerika prezidenti diplomatik yola sadiqliyini bir daha bəyan edib və bütün tərəflərin xeyrinə olacaq “yaxşı razılaşma”nın əldə olunmasının mümkünlüyünü vurğulayıb.
ABŞ və İran arasında danışıqlar Omanın vasitəçiliyi ilə davam edir. Mayın 23-də Romada beşinci tur keçirilib. Mayın 26-da verdiyi açıqlamada Tramp danışıqlarda “əhəmiyyətli irəliləyiş” olduğunu bildirib və yaxın gələcəkdə müsbət nəticələrə ümid etdiyini bildirib. ABŞ prezidenti həmçinin qeyd edib ki, o, Netanyahunu danışıqlar prosesini poza biləcək addımlar atmaqdan çəkindirib.
Surxay Əliyev