Mask Ağ Evi tərk edir: -“Mənim səlahiyyət müddətim başa çatmaq üzrədir”

Milyarder və ABŞ Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask ABŞ administrasiyasındakı müddətinin başa çatdığını açıqlayıb və prezident Donald Trampa təşəkkür edib. “Xüsusi dövlət işçisi kimi səlahiyyət müddətim başa çatdı, mənə israfçı xərcləri azaltmaq imkanı verdiyi üçün prezident Donald Trampa təşəkkür etmək istərdim”, - deyə Mask özünün X sosial şəbəkəsində yazıb. Bir gün əvvəl isə Mask CBS telekanalına verdiyi açıqlamada Trampın “böyük və gözəl” vergi və büdcə qanun layihəsindən məyus olduğunu bildirib. Onun fikrincə, qanun xərclərin azaldılması səylərini baltalayır və bu büdcə kəsirinin artmasına səbəb olacaq. Tramp vəzifəyə gəldikdən sonra Mask “xüsusi dövlət işçisi” təyin edildi və bu, ona ilin 130 gününü hökumətdə işləməyə imkan verdi. Yanvarın 20-də keçirilən inauqurasiyadan hesablansa, bu müddət mayın sonunda başa çatır. “Mənim səlahiyyət müddətim başa çatmaq üzrədir”-deyən İlon Mask Tramp administrasiyasını tərk edir.Agentliyin mənbəsi bildirib ki, Maskın gedişi “tez və qeyri-təntənəli olub”.
Mask on minlərlə insanın dövlət qulluğundan qovulmasına, bir neçə qurum və idarənin ixtisar edilməsinə və ya bağlanmasına baxmayaraq, bütün məqsədlərinə nail olmadığını etiraf edib.
Surxay Əliyev