Tramp Baydenin Ukraynaya qoyduğu bütün məhdudiyyətləri aradan qaldıracaq

ABŞ prezidenti Donald Tramp Co Bayden dövründə Ukraynanın Qərb silahlarından istifadəyə qoyulan bütün məhdudiyyətləri tamamilə aradan qaldırmaq imkanını ciddi şəkildə nəzərdən keçirir. Bu barədə Ukraynanın “Kyiv Post” qəzetinə iki yüksək rütbəli Qərb rəsmisi məlumat verib. Tramp hesab edir ki, mövcud “status-kvo” Rusiyanın danışıqlar masasına qayıtmasına kömək etmir və ona yenidən baxılmasını tələb edir. Bazar ertəsi Almaniya kansleri Fridrix Merz deyib ki, Ukraynaya tədarük edilən silahların çeşidində artıq heç bir məhdudiyyət yoxdur və bu, Kiyevə Rusiyadakı hərbi obyektlərə zərbələr endirməyə imkan verir. Kreml cavab olaraq bunu “təhlükəli addım” adlandırıb. Putinin mətbuat katibi bildirib ki, Rusiya lideri sülh bağlamaq niyyətində deyil və müharibəni davam etdirəcək, Avropalı müttəfiqlər isə artıq Moskvaya qarşı yeni sanksiyalar paketi hazırlayırlar. Trampın özü bundan əvvəl Putini mülki insanları qəsdən öldürdüyünə görə “tam dəli” adlandırıb, müşahidəçilərin fikrincə, bu, ABŞ-ın ritorikasının dəyişməsindən xəbər verə bilər. Fransa prezidenti Emmanuel Makron da Trampın Kremlə olan “qəzəbinin” “konkret hərəkətlərə çevriləcəyinə” ümid etdiyini bildirib. Ekspertlər qeyd edirlər ki, məhdudiyyətlərin aradan qaldırılması Ukrayna qüvvələrinə Rusiya ərazisindəki anbarlara, aerodromlara və logistika marşrutlarına, o cümlədən Geran-2 pilotsuz təyyarələrinin (aka Şahed-136) buraxıldığı aerodromlara zərbələr endirməyə imkan verəcək. Hərbi analitik Xorxe Riveronun fikrincə, bu, Rusiyanın planlamasını xeyli çətinləşdirə və Moskvanın hərbi kampaniyasını dəstəkləyən təchizat zəncirlərini qıra bilər.
Surxay Əliyev