Putindən Microsoft və McDonald's haqqında sərt açıqlamalar - Onları boğmaq lazımdır...

Rusiya prezidenti Vladimir Putin dünya nəhəngləri Microsoft, Zoom və McDonald's haqqında sərt açıqlamalar verib. Sözügedən şirkətləri tənqid edərək, “onları boğmaq lazımdır” deyən Putin, bu şirkətlərin Rusiyada fəaliyyətini davam etdirməsinə qarşı olduğunu bildirib.
Putin iş adamları ilə görüşündə deyib ki, Rusiyadan ayrıldıqlarını açıqlayan, lakin tamamilə geri çəkilməyən və hələ də qazanc əldə edən Microsoft və Zoom kimi xarici xidmət təminatçıları “boğulmalıdır”. Bir iş adamının Microsoft və Zoom kimi xidmətlərin Rusiyada hələ də qazanc əldə etdiyinə diqqət çəkməsinə reaksiya verən Putin deyib: "Onları boğmaq lazımdır. Mən tamamilə razıyam. Bunu tərəddüd etmədən deyirəm, çünki onlar da bizi boğmağa çalışırlar. Biz də cavab verməliyik".
O, vurğuladı ki, rus istifadəçilərin də “pis vərdişlər” ehtiva etdiyini iddia etdiyi Qərb xidmətlərindən qurtulmaq lazımdır.
Ukrayna müharibəsi səbəbilə Rusiya bazarından çəkilən McDonald's haqqında da danışan Putin, belə şirkətlərin geri qayıtmasına icazə verilməyəcəyini bəyan edib: "Hamını çətin vəziyyətdə qoydular, qaçdılar. İndi qayıtmaq istəsələr, onlara yol açacağıq? Təbii ki, yox".
TAHİR