Stepaşin də ölmüş SSRİ-ni diriltməyə girişdi

25 may 2025-ci ildə Rusiya Hüquqşünaslar Assosiasiyasının sədri və Rusiya Federasiyasının keçmiş Baş naziri Sergey Stepaşin RİA Novosti-yə müsahibəsində 1991-ci ildə Sovet İttifaqının dağılması prosedurunun hüquqi pozuntularla həyata keçirildiyini bildirib. Bu bəyanat XIII Sankt-Peterburq Beynəlxalq Hüquq Forumu çərçivəsində Rusiya Federasiyası Prezidentinin müşaviri Anton Kobyakovun başladığı müzakirənin davamı da sayıla bilər. Kobyakov SSRİ-nin “hüquqi olaraq mövcud olduğunu” iddia edirdi, çünki onun iddiasına görə SSRİ-nin dağılması müəyyən edilmiş hüquq normalarına uyğun gəlmir, yəni 1922-ci ildə dövləti yaradan Xalq Deputatları Qurultayında təsdiqlənməmişdir. Stepaşinin fikrincə, hüquqi nöqteyi-nəzərdən Kobyakov haqlıdır, çünki SSRİ-nin dağılması 1991-ci ilin dekabrında Rusiya, Ukrayna və Belarus liderləri (Boris Yeltsin, Leonid Kravçuk və Stanislav Şuşkeviç) tərəfindən imzalanmış Belovej sazişləri vasitəsilə həyata keçirilib. SSRİ Konstitusiyasına əsasən dövlətin ləğvi haqqında qərar qəbul etmək səlahiyyətinə malik olan SSRİ Xalq Deputatları Qurultayıdır. Stepaşin həmçinin qeyd edib ki,xüsusən Ukrayna 1991-ci ilin avqustunda Fövqəladə Hallar üzrə Dövlət Komitəsinin uğursuzluğundan sonra İttifaqın tərkibindən çıxmaq prosesinə başlayan ilk respublikalardan oldu. 2025-ci ildə bu mövzu, xüsusən də Ukraynada davam edən münaqişə kontekstində yenidən aktuallaşıb. Kobyakov vəziyyəti şərh edərkən, Ukrayna böhranına qanuni olaraq mövcud olan SSRİ daxilindəki "daxili proses" kimi baxıla biləcəyini təklif etdi ki, bu da, Ukrayna və digər postsovet ölkələrinin kəskin tənqidinə səbəb oldu.
Surxay Əliyev