Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi tamamlandı - 1000-ə 1000…

Rusiya və Ukrayna mayın 16-da İstanbulda əldə olunan razılaşma çərçivəsində “1000-ə 1000” formulu ilə üçüncü və son məhbus mübadiləsini tamamlayıb. Tərəflər son mərhələdə qarşılıqlı olaraq 303 əsgəri azad ediblər. Rusiya Müdafiə Nazirliyi azad edilən rus əsgərlərinin hazırda Belarusda olduqlarını və onlara tibbi və psixoloji yardım göstərildiyini açıqlayıb.
Xatırladaq ki, bu, Ukraynadakı hərbi əməliyyatlar zamanı ən böyük əsir mübadiləsi idi. Bundan əvvəl, mayın 23-də tərəflər qarşılıqlı olaraq 270 əsgər və 120 mülki vətəndaşı, mayın 24-də isə 307 əsgəri azad edib.
Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova bildirib ki, mübadilə çərçivəsində Kursk vilayətindən olan bəzi mülki şəxslər və “siyasi məhbuslar” Rusiyaya qayıdıblar. Ukrayna mənbələri bildiriblər ki, azad edilənlər arasında qadağan olunmuş Ömürlük Müxalifət Platformasının keçmiş lideri Viktor Medvedçukun yaxın adamı, Rusiya kəşfiyyatı ilə əməkdaşlıq etdiyi iddiası ilə məhkum olunmuş Aleksandr Tarnaşinski də var.
TAHİR