Rusiya 2022-ci ildən fəaliyyəti dayandırılan Zaporojye Atom Elektrik Stansiyasını (AES) yenidən işə salmağa hazırlaşır. Bildirilir ki, Rusiyanın ələ keçirdiyi Ukraynanın Mariupol və Berdyansk bölgələrində infrastruktur işləri yekunlaşıb və AES-dən əldə edilən enerji bu bölgələrə paylanacaq.
Rusiya Dövlət Nüvə Enerjisi Korporasiyası “Rosatom” ASC-nin sədri Aleksey Lixaçev stansiyanın yenidən işə salınması üçün 4 əsas problemin həll edilməsinin vacibliyini bildirib. Problemləri sadalayan Lixaçev bildirib ki, su təchizatı, elektrik şəbəkəsinin yenilənməsi, dəmir yolu infrastrukturunun təmiri və Amerika mənşəli nüvə yanacağı məsələsi həll edilməlidir.
Qeyd edək ki, Sovet İttifaqı tərəfindən tikilmiş Avropanın ən böyük atom elektrik stansiyası olan Zaporojye AES-in fəaliyyəti 2022-ci ilin sentyabrından dayandırılıb. Stansiya hazırda Rusiyanın nəzarətindədir və “Rosatom”un törəmə şirkəti tərəfindən idarə olunur.
Ukrayna mənbələri də bildiriblər ki, işlər indiki templə davam edərsə, elektrik xətti yaxın aylarda tam gücü ilə istifadəyə verilə bilər. Kiyev bu vəziyyəti beynəlxalq hüquqa zidd hesab edir.
TAHİR