Qərb mediası Trampın Avropa liderləri ilə qalmaqallı telefon danışığının təfərrüatlarını açıqlamaqda davam edir. Trampın Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməkdən imtina etməsi Avropa liderlərini sözün əsil mənasında şoka salıb. Bu barədə Almaniyanın BILD nəşri öz mənbələrinə istinadən yazır. Nəşr yazır ki, Vladimir Putinlə söhbətindən sonra Tramp Aİ liderləri ilə telefon danışığı keçirib və bu zaman o, faktiki olaraq Ukraynadakı müharibə ilə bağlı siyasətində kəskin dəyişikliyi faktiki olaraq büruzə verib. Almaniya hökumətindəki mənbələri BİLD-ə bildirirlər ki, Tramp artıq Putindən 30 günlük atəşkəslə razılaşmağı da tələb etmir və daha əvvəl avropalı müttəfiqlərinə söz verdiyi Rusiyaya qarşı yeni sanksiyalar da tətbiq etmək niyyətində deyil. Mənbələrin bildirdiyinə görə, Trampla telefon danışığı aparan Aveopa liderləri (Almaniya kansleri Fridrix Merz, Fransa prezidenti Emmanuel Makron, Avropa Komissiyasının sədri Ursula fon der Leyen, İtaliyanın baş naziri Giorgia Meloni və Ukrayna prezidenti Vladimir Zelenski) Trampın “Rusiya və Ukrayna indi öz aralarında həll yolu axtaracaqlar” bəyanatından şoka düşüblər. BILD mənbələrindən biri deyir ki, bu sözlərdən sonra “hamı nəfəsini tutdu” və heç kim bunun ABŞ-ın Ukraynanı dəstəkləməkdən qəti imtinası demək olub-olmadığını aydınlaşdırmağa belə cəsarət etmədi. Mənbələrə görə, Berlin Vaşinqtonun münaqişədəki hazırkı rolundan tamamilə imtina edəcəyindən və Amerikanın Rusiyaya qarşı sanksiyalarını ləğv edəcəyindən ehtiyat edir.
Surxay Əliyev