Çində keçmiş məmur rüşvətə görə edam olunacaq. Belə ki, Xalq Siyasi Məşvərət Şurasının Şansi əyalət komitəsinin keçmiş sədri Han Yon məhkəmənin hökmü ilə 2 illik möhlətlə edam cəzasına məhkum edilib. Nannin şəhər məhkəməsi sabiq məmurun Cilin və Şansi əyalətlərində, Sincan Uyğur Muxtar Rayonunda müxtəlif vəzifələrdə çalışarkən 261 milyon yuan (təxminən 36,3 milyon ABŞ dolları) rüşvət aldığını sübuta yetirib.
Məhkəmə onun bütün siyasi hüquqlardan məhrum edilməsinə, əmlakının müsadirə olunmasına və qanunsuz yolla əldə etdiyi bütün vəsaitin dövlət büdcəsinə geri qaytarılmasına qərar verib.
Mətləb Salahov