Rusiya və Ukrayna atəşkəslə bağlı sənədlər hazırlayır

Bu barədə ABŞ dövlət katibi Marko Rubioya Rusiya xarici işlər naziri Sergey Lavrov telefon danışığı zamanı bildirib. Rubionun sözlərinə görə, Ukrayna da analoji sənəd üzərində işləyir və hər iki tərəf yaxın vaxtlarda öz təkliflərini təqdim etməlidir. Rubio CBS News-a müsahibəsində deyib: "Əgər hər iki tərəfin sənədlərində real ideyalar varsa, biz irəliləyiş əldə edəcəyik. Əks halda, Senat Rusiyaya qarşı sanksiyalara dair qanun layihəsini qəbul etmək üçün addımlar atacaq". Rubio vurğulayıb ki, ABŞ “sonsuz danışıqlarda” iştirak etmək niyyətində deyil.Ona görə də,Moskva və Kiyevdən konkret addımlar tələb edir. O qeyd edib ki, mayın 16-da İstanbulda aparılan danışıqlar şübhə ilə qarşılansa da, müsbət nəticələr, o cümlədən hərbi əsirlərin mübadiləsinə dair razılaşmalar əldə edilib. Lavrovun sözlərinə görə, Rusiya Ukraynanın demilitarizasiyası, NATO-ya qoşulmamaq, Krımın və 4 regionun Rusiyanın bir hissəsi kimi tanınması və Qərbin sanksiyalarının ləğv edilməsində israrlıdır. Rubionun mümkün sanksiyalarla bağlı açıqlaması isə ABŞ-da reaksiya doğurub. Reuters xəbər verir ki, səsvermə tarixi müəyyən edilməsə də, 100 senatordan 73-ü Rusiyaya qarşı məhdudiyyətlərin sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini dəstəkləyir. Rubio əlavə edib ki, Tramp administrasiyası bu prosesə nəzarət etmir və qərar Konqresin səlahiyyətindədir.
Surxay Əliyev