Almaniya Olimpiya Komitəsinin baş katibi Mixael Fesper Bakıda birinci Avropa Oyunlarını uğurlu adlandırıb və almaniyalı idmançıların çıxışlarından məmnun qaldığını bildirib.
O deyib: "Birinci Avropa Oyunları Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunları ərəfəsində idmançıların güclərini sınamaq üçün bir növ laboratoriya olub. İdmançılarımız Atletlər Kəndində bir yerdə yaşayıblar. Bu, onları bir-birinə yaxınlaşdırıb, onlarda komanda ruhunu, Olimpiya ruhunu möhkəmləndirib. İndi onlar gələn il Rio-de-Janeyroda və ola bilsin, hətta 2020-ci ildə Tokioda bir yerdə olmaq istəyəcəklər”.
Birinci Avropa Oyunlarında 16 qızıl, 17 gümüş və 33 bürünc medal qazanan Almaniya ümumi hesabda dördüncü yerdə qərarlaşıb. M.Fesperin fikrincə, hələlik Olimpiya Oyunları üçün ənənəvi olmayan, məsələn, sambo və karate kimi bəzi idman növlərinin Avropa Oyunlarına daxil edilməsi bu Oyunların maraqlı cəhəti olub.
Almaniya Olimpiya Komitəsinin baş katibi deyib: "Bakıda birinci Avropa Oyunları müxtəlif millətlərdən olan insanları birləşdirən, onları heyran qoyan hadisədir”.
Onun fikrincə, idman inteqrasiya, əməkdaşlıq, sülhün möhkəmləndirilməsi, ayrı-seçkiliyin aradan qaldırılması vasitələrindən biridir, qlobal miqyaslı hərəkatdır. Odur ki, idmanı siyasətlə əlaqələndirmək olmaz. M.Fesper Almaniya mətbuatında çıxışlarından birində birmənalı şəkildə idmanın siyasiləşdirilməsinin əleyhinə çıxış edib.
İdman məmuru hazırda bir-biri ilə münaqişə vəziyyətində olan ölkələrin idmançılarının Atletlər Kəndində bir yerdə yaşamasını idmanın yaxınlaşdırıcı qüdrətini göstərən nümunələrdən biri adlandırıb.
Ölkəsinin atletlərini "tolerantlıq və ədalət elçiləri” adlandıran M.Fesper bildirib ki, almaniyalı idmançıların hansısa müəyyən şərtlər əsasında Bakıya göndərilməsi ilə lap əvvəldən razılaşmayıb.
O bildirib ki, bu Oyunlar Azərbaycan üçün mühüm mərhələyə çevrilib və onların yüksək səviyyədə keçməsi üçün ölkə mümkün olan hər şeyi etməyə çalışıb. Oyunlara ictimai maraq çox yüksək olub, ölkədə həqiqi Olimpiya ab-havası hökm sürüb.