Prezident İlham Əliyevin apardığı siyası kursun nəticəsidir ki, indi respublikada həyata keçirilən iqtisadi, sosial islahatlar yalnız Azərbaycan vətəndaşının rifahına – gözəl, azad, firavan yaşayışına xidmət edir.
Bu nəcib məqsədlə ən ucqar dağ kəndləri belə dövlətin xüsusi diqqəti hesabına abadlaşır, yollar çəkilir, dinamik inkişaf naminə infrastruktur yaradılır. Amma nədənsə, bu inkişaf Lerik rayonundan yan keçir, nəticədə isə dünyanın cəhənnəm qapısını xatırlayan ölü kəndlərin sayı bilinmir. Hər dəfə bu sosial qayğılardan mərhum kəndlərdə olanda, bir daha əmin olursan ki, Lerik rayonunda insan taleyinə məsul şəxslər ölkədə aparan işləri gözdən salmağa xidmət edirlər.
Bir misal. Rayonda Vənədi kəndi füsunkar yaşıllıqlar əhatəsində yerləşir. Sovet vaxtı buranın sakinlərinin həyatı çox gözəl idi. Sovetlər ömrünü başa vurdaqdan sonra sanki bu yaşayış məntəqəsi səlahiyyət sahiblərinin gözündən uzaq, könlündən iraq düşdü. Kənddə uzun illərdir heç bir sosial obyekt tikilməyib. Köhnələr isə biganəlik üzündən ömrünü başa vurub. Sosial çətinliklər ucbatından vənədililər sözün əsl mənasında zülm çəkirlər.
Yağışlı, qarlı günlərdə kənd daxili yollarda hərəkət dayanır. Buradan vacib bir işdən ötrü rayon mərkəzinə gedib-gəlmək hər adamın işi deyil. Münasib ticarət yeri olmadığı üçün adamlar gündəlik tələbat ərzaqlarını möhtəkirlərdən üçqat bahasına alır. İşıqların həftələrlə sönməsi adi haldır. Ölkə bankomat sisteminə keçəndən sonra şəraitsizlik üzündən yaşlı adamlar pensiyalarını vaxtında ala bilmir. Mədəni rahatlıqdan danışmaq isə sadəcə gülüncdür. Kəndə mavi qazın verilməsi də problem olaraq qalır. Nəticədə, qışın şaxtasına dözməyən qocaların ah-naləsi ürək göynədir....
Elə bil vənədililərin rahat həyatı tilsimə düşüb. Güzəran günü-gündən pisləşir. Ayağı yer tutan dədə-baba yurdundan qaçır... Belə getsə, lap yaxın vaxtlarda Azərbaycanda daha bir kənd tarixə dönəcək...
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü