16/08/2020 00:02
728 x 90

Bakıda piyadaların vurulmasının əsas səbəbi açılır – Qəzalar daha çox paytaxtın işıqlandırılmayan hissələrində baş verir

img

Bakının mərkəzi küçələri günün qaranlıq saatlarında işıqlandırılsa da, təəssüf ki, bunu bütün yollara şamil etmək olmur. Ətraf qəsəbələrdə isə vəziyyət daha da acınacaqlıdır. Müəyyən ərazilər var ki, avtomobillərin intensiv hərəkət etdiyi yollarda belə işıqlandırma yoxdur. Təbii ki, bu da həmin yollarda qəzaları qaçılmaz edir.

Qaranlıq olanda yolda olan çala-çuxurlar görünmür və bu da qəzalara səbəb olur. Yeni salınan yollarda da eyni problem yaşanır: çalalar olmasa da, qaranlıqda yolu qadağan edilən yerlərdən keçən piyadalardan heç kim sığortalanmayıb.

Xatırladaq ki, yolların işıqlandırılması ilə bağlı ölkə başçısı da ciddi tapşırıqlar verib. Qeyd edək ki, ötən il ölkə Prezidenti “Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Məqsəd isə ölümlə və sağlamlığa zərər vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayının, habelə ölkə iqtisadiyyatına və ekologiyasına dəyən ziyanın həcminin azaldılması üçün zəruri tədbirlər görməkdir. Yolların işıqlandırılması üçün aidiyyəti qurum və ya qurumların üzərinə düşən vəzifə də təbii ki, məlumdur. Ancaq bu sahədə işlərin görülməsi üçün tapşırıqların verilməsinə baxmayaraq, işıqlandırılmayan küçələrdə piyada ölümü faktı qeydə alınmaqda davam edir.

  • Anar Nəcəfli: “Küçələrin işıqlandırılması, səkilərin müəyyənləşdirilməsi birbaşa yerli icra strukturlarının sərəncamındadır”

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirdi ki, yolların işıqlandırılması birbaşa qurumun səlahiyyətində deyil: "Küçələrin işıqlandırılması, səkilərin müəyyənləşdirilməsi birbaşa yerli icra strukturlarının sərəncamındadır. Yerli icra qurumu gözləməməlidir ki, küçədə 1 ilə, 10 ilə təmir, yenidənqurma işi aparılacaq və bu zaman işıqlandırılma işləri görüləcək. AAYDA olaraq biz küçələrin bərpası, yenidən qurulması və təmiri ilə məşğuluq. Küçələr bizim tərəfimizdən, sadəcə, təmir edilir. Düzdür, biz də küçələrin işıqlandırılmasının tərəfdarıyıq, buna çalışırıq da. Ancaq yolların təmir edildikdən sonra işıqlandırma sisteminin olmamasına AAYDA cavabdeh deyil”.

  • Elməddin Muradlı: “…bu, çox neqativ bir mənzərə yaradır”

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirdi ki, yolların işıqlandırılması üçün Prezidentin göstərişi var: “Hacıqabul, Kürdəmir ərazisində, piyadaların daha çox vurulduğu yerlərdə işıqlandırılma bərpa edilib. Əvvəllər həmin ərazilərdə işıq dirəkləri olub. Bir müddət işlədikdən sonra həmin dirəklər 5-6 il idi ki, fəaliyyətsiz idi. Respublika əhəmiyyətli yollarda və Bakının bir sıra ərazilərində bu proses sürətlə həyata keçirilməlidir”.

Həmsöhbətimiz onu da vurğuladı ki, Bakı mərkəz olmasına baxmayaraq, burada da müəyyən problemlər var: "Bəzi küçələrdə işıqlandırma saat 00.00-a kimi davam etdirilir. Sonra söndürülür. Bu, çox neqativ bir mənzərə yaradır. Kimsə buna maliyyə məsələlərini səbəb göstərə bilər. Amma insan həyatı çox önəmlidir və dünyanın heç bir ölkəsində gecə saatlarında küçələrdə işıqlar söndürülmür".

Günel CƏLİLOVA

Son xəbərlər