09/04/2020 16:37
728 x 90

Azərbaycanda süni qida istehsalçılarına sərt qadağan qoyulur

Eyyub Hüseynov: “Süni uşaq qidalarının tərkibi çox mürəkkəb olduğundan, onların yoxlanılması da çətindir”

img

Nazirlər Kabineti körpələr və erkən yaşlı uşaqlar üçün qida və ekoloji təmiz qida məhsulları istehsalı və satışının tənzimlənməsi haqqında yeni qərar verib. Qərara əsasən, körpələr və erkən yaşlı uşaqlar üçün qida və ekoloji təmiz qida məhsulları istehsalı və satışı tənzimlənəcək.

Bu qərar Azərbaycanda süni qidanın istehsalı, idxalı və satışı ilə məşğul olan şirkətlərin fəaliyyətini beynəlxalq standartlara uyğun olaraq tənzimləyən normativ-texniki və hüquqi aspektləri müəyyənləşdirir. Belə ki, sertifikatı olmayan şirkətlərin süni qida məhsullarını istehsal etməsi, hər hansı şirkət tərəfindən satışı və idxalı qadağan olunacaq.

Ekspertlər hesab edirlər ki, sertifikatı olmayan süni qida məhsullarının istehsal edilməsi və satışının təşkil olunmasının qadağan olunması müsbət haldır.

  • “…süni uşaq qidalarından çox istifadə körpələrdə vitamin çatışmazlığına səbəb olur”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd etdi ki, süni qidalar arasında ən çox uşaq qidalarından istifadə olunur: “Süni uşaq qidalarından çox istifadə körpələrdə vitamin çatışmazlığına səbəb olur. Azərbaycanda uşaq qidalarının satışında və təbliğatında qanun pozuntuları mövcuddur. Uşaq qidaları məhsullarının distribütorları pediatrlarla heç bir stimullaşdırıcı görüş və tədbirlər keçirməməlidirlər. Onların pediatrlarla əlaqələri məhdudlaşdırılmalıdır. Azərbaycanda isə əksinədir. Bu distribütorlar həkimlərlə sıx işbirliyi qurublar. Bizdə hətta rəsmi məlumatlar da var ki, belə şirkətlər pediatrları stimullaşdırmaq üçün onları müxtəlif xarici ölkələrdə keçirilən tədbirlərə də göndərirlər. Ümumiyyətlə, doğum evlərində və uşaq xəstəxanalarında uşaq qidaları ilə bağlı heç bir təbliğat vasitələrindən istifadə edilməməlidir. Çünki tədqiqatlar göstərir ki, süni uşaq qidalarından xəbər tutan analar tənbəlləşir və onlardan istifadəyə meyl edirlər. Hətta bu zaman ananın südü çəkilir".

Həmsöhbətimiz onu da əlavə etdi ki, süni uşaq qidalarının tərkibi çox mürəkkəb olduğundan, onların yoxlanılması da çətindir: "Azərbaycanda belə dəqiq analizlər aparacaq laboratoriya olmadığından, bu məhsulların tərkibi haqqında dəqiq məlumatlar yoxdur".

Günel CƏLİLOVA

Son xəbərlər